Qərbi Azərbaycana qayıdış tarixi və hüquqi zərurətdir - Layihə

Qərbi Azərbaycana qayıdış tarixi və hüquqi zərurətdir - Layihə

Böyük güclər kənarda öz maraqlarını həyata keçirmək üçün daim region dövlətlərini, qonşu ölkələri bir-birinə düşmən ediblər.

Münqaişələr, ixtilaflar dövlətləri zəiflədib və onları böyük güclərdən asılı vəziyyətə salıb. Konflikt yaratmaq üzrə peşəkarlaşmış beynəlxalq mərkəzlər yaxşı başa düşürlər ki, silah satmaq, siyasi nüfuz sahibi olmaq üçün müharibə ən ideal şəraitdir, fürsətdir. Azərbaycan və Türkiyəyə qarşı da hər zaman bu məkrli üsuldan istifadə olunub. Ermənilər isə bu cür çirkin siyasətin ən sərfəli iştirakçısı olub. Birinci Dünya müharibəsində ermənilərin Osmanlı dövlətinə qarşı xəyanəti və buna görə aldığı cəza sonradan “erməni soyqırımı” kimi dünyaya təqdim edildi. Tarixçilər gözəl bilirlər ki, 1915-ci ildə baş vermiş hadisələrin əsas günahkarı ermənilər və onların havadarları olub. Müharibədə ağır məğlubiyyətə uğrayan, az qala bütün torpaqları əlindən çıxmış, böyük imperiyası kiçilərək yox olmaq təhlükəsi qarşısında qalan Osmanlıya qarşı bir də daxildəki təxribatçılar – ermənilər müharibə aparırdı. Onlar Osmanlının vətəndaşları idi və xristian dövlətlərinin sifarişini yerinə yetirirdilər. Belə bir məqamda Osmanlı bir dövlətin atmalı olduğu addımı atdı...

Ermənilərin hüquqlarının müdafiəsini daim gündəmdə saxlayan beynəlxalq güclər nədənsə onların hərbi cinayətlərini, soyqırımı siyasətlərini görməzlikdən gəlirlər.

Erməni millətçilərinin Azərbaycana qarşı tarixi düşmənçiliyi və xəyanətləri son 2 əsrdə sistemli şəkildə olub. Rusiya imperiyası Şimali Azərbaycanı işğal edəndən sonra erməniləri müxtəlif bölgələrimizdə yerləşdirdi. Sovet Rusiyası isə ermənilərə mükafat olaraq Qərbi Azərbaycana verdi. Bundan sonra ermənilər davamlı terror, deportasiya və soyqırımı siyasətini daha sürətlə davam etdirdilər.

Hələ I Pyotr dövründən başlayan Cənubi Qafqaza ermənilərin kütləvi şəkildə köçürülmə siyasəti XIX əsrdə Türkmənçay müqaviləsindən sonra daha geniş xarakter daşımışdır.

Gəlmə xalq olan ermənilər Qafqaza, xüsusən Azərbaycan torpaqlarına Qacarlar İranından və Osmanlı imperiyasından davamlı və kütləvi şəkildə miqrasiya etmişlər. Onlar bu regionda məskunlaşandan sonra qonşu xalqlara qarşı ərazi iddiaları ilə çıxış etməyə başlamışlar. Bu iddiaların əsas hədəfi “Dənizdən-dənizə Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək olmuşdur. İlk növbədə, Azərbaycan və Türkiyəyə, eləcə də Gürcüs­tana və hətta Rusiyaya qarşı ərazi iddiaları irəli sürülmüşdür.

Ermənilərin İrandan Qərbi Azərbaycana və Qarabağ ərazisinə köçürülməsinə rəhbərlik etmiş A.Qriboyedov yazmışdır: “Ermənilər gətirilib müsəlman mülkədarların torpaqlarında yerləşdirilmişlər... Biz müsəlmanları necə inandıracağımız barədə çox düşünürdük. Onları indiki sıxıntılarla (çətinliklərlə) necə barışdıraq və inandıraq ki, bu, uzunmüddətli olmayacaq. Bununla ermənilərin ilk dəfə buraxıldıqları torpaqları həmişəlik zəbt edəcəkləri barədə müsəlmanların qorxusunu aradan qaldıraq”.

Tarixi hadisələrin sonrakı gedişi bir daha sübut etdi ki, İran erməniləri Şimali Azərbaycana xüsusi məqsədlə - onlara burada “yeni vətən” yaratmaq üçün köçürülmüşlər. Rus müəllifi M.Vladikin ermənilərin köçürülməsi barədə yazırdı: “İrəvan quberniyasında yaşayan ermənilərin əksəriyyəti buranın yerli sakinləri olmayıb, 1812–1829-cu illərdə baş vermiş müharibələrdən sonra Türkiyədən bu ərazilərə köçürülmüşlər”. Belə tarixi faktlar erməni və rus mənbələrində öz əksini tam aydın şəkildə tapmışdır.

Rusiya tarixçi-etnoqrafı N.Şavrov isə həqiqəti belə etiraf etmişdir: “XX əsrin əvvəllərində Zaqafqaziyada məskunlaşan 1 milyon 300 min nəfər erməninin 1 milyonundan çoxu ərazinin yerli sakinləri olmayıb, bizim tərəfimizdən məskunlaşdırılmışdır”.

Tanınmış gürcü ziyalısı İlya Çavçavadze 1902-ci ildə nəşr etdirdiyi “Erməni alimləri və ağlayan daşlar” əsərində XIX əsrdə ermənilərin təbliğ etdiyi “Böyük Ermənistan” yalanlarını ifşa edib. İ.Çavcavadze tarixı həqiqətə üz tutaraq göstərmişdir ki, ermənilər aborigen albanları süni şəkildə qriqorianlaşdıraraq vaxtilə sığındıqları Azərbaycan torpaqlarını “Hay ölkəsi” adlandırırlar. Bu faktlar bir daha təsdiq edir ki, Qərbi Azərbaycan tarixi türk torpaqları, avtoxton sakinləri Azərbaycan türkləri olmuş, ermənilər isə digər ölkələrdən bu ərazilərə mərhələli şəkildə köçürülmüşlər.

Sovet Rusiyası da erməniləri daim müdafiə edib. Rusiya Xalq Komissarları Soveti 1917-ci ilin dekabrında “Türkiyə Ermənistanı” haqqında dekret vermişdir. Bolşeviklər 1920-ci ilin 28 aprelində Azərbaycanı işğal edəndən 7 ay sonra “erməni daşnak respublikasını” sovetləşdirməklə Rusiyanın tarixi Azərbaycan torpağında Ermənistan dövləti qurması planlarını tamamlamışlar. Az sonra bolşeviklər tarixi Zəngəzurun qərb hissəsini də ermənilərə bağışlamışlar. 1923-cü ildə isə Moskva coğrafi vahid olan Qarabağı iki yerə ayırıb onun dağlıq hissəsində erməni muxtariyyəti yaratdı.

Ermənilər təkcə Azərbaycan torpaqlarına iddia etmirdilər. 1961-ci ildə B.Nalbandyanın İrəvanda “Tbilisi qədim və orta əsrlərin ədəbi mənbələrində” adlı əsəri dərc edilmiş və burada Gürcüstanın paytaxtı qədim erməni şəhəri kimi təqdim olunmuşdur.

Qədim türk yurdu sayılan Qərbi Azər­baycanda azərbaycanlılar 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1991-ci illərdə tarixi torpaqlarından deportasiya olundular. 1988-ci ildə keçmiş ŞSRİ-nin süqutu ərəfəsində erməni millətçi separatizmi yaranmış dağıdıcı proseslərdən istifadə edərək, beynəlxalq hüquq, norma və prinsiplərə zidd olaraq uzun müddətdən bəri planlaşdırdıqları məkrli siyasəti gerçəkləşdirməyə başladılar. İlk növbədə, 250 min soydaşımız ağlasığmaz işgəncələrlə Qərbi Azərbaycandan qovuldu. Ardınca Qarabağ işğal edilmiş və 750 min insan məcburi köçkün vəziyyətinə düşdü.

Ümumiyyətlə, XX əsrdə 2 milyondan çox azərbaycanlı indiki Ermənistanda soyqırımına məruz qalıb. 1991-ci ilə qədər Qərbi Azərbaycanda ərazi toponimlərinin 90 faizin­dən çoxunu türk mənşəli adlar təşkil etmişdir. XIX əsrin əvvəllərindən başlayaraq 1994-cü ilə kimi ərazidə olan türk mənşəli oykonimlərin, oronimlərin və hidronimlərin adları dəyişdirilərək erməniləşdirilib.

Arxiv sənədləri sübut edir ki, indiki Ermənistanda azərbaycanlılara məxsus yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi prosesinə ilk dəfə 1919-cu ildə Azərbaycan ərazisində erməni dövləti yaradıldıqdan dərhal sonra başlanılıb. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra 1935-ci ilədək orada 190-dan artıq türk yaşayış məntəqəsinin adı dəyişdirilib.

Xalqımıza qarşı edilən bu tarixi xəyanətlərə toxunan Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, bizim tarixi torpaqlarımız Dağlıq Qarabağ və ətraf bölgələrlə məhdudlaşmır: “ O qədər də uzaq olmayan tarixə, XIX əsrin statistikasına baxsaq görərik ki, azərbaycanlıların yaşadıqları ərazi çox böyük olmuşdur. İndiki Ermənistan, əslində, Azərbaycanın tarixi torpağıdır. Ona görə, gələcəkdə biz bütün tarixi torpaqlara qayıdacağıq. Bunu gənclər də, uşaqlar da bilsinlər. Biz bu amalla yaşamalıyıq, yaşayırıq, yaşayacağıq”.

2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığımız qələbə yeni reallıqlar yaratdı. Azərbaycan və Türkiyə prezidentləti İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanla imzaladıqları 2021-ci il tarixli Şuşa Bəyannaməsi tarixi siyasi əhəmiyyətli hadisə olmaqla böyük rəmzi məna daşıyır. Azərbaycan lideri tarixi mərasimdə bir məqama xüsusilə toxundu: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. 100 ildən sonra azad edilmiş Şuşa şəhərində müt­təfiqlik haqqında imzalanmış birgə bəyan­namə bizim gələcək işbirliyimizin istiqamətini göstərir.

Bu gün artıq Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının müdafiəsi beynəlxalq səviyyəyə çıxarılıb. Ölkə rəhbərinin də qeyd etdiyi kimi: “Hazırda isə tarixi qələbəmizdən sonra yaranan yeni reallıqda ən mühüm vəzifələrdən biri Qərbi Azərbaycandan qaçqın düşmüş soydaşlaımızın öz yurdlarına qayıtması məsələsidir”.

Ümummilli lider Heydər Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiya edilməsi haqqında” 18 dekabr 1997-ci il tarixli fərmanı böyük elmi-siyasi və tarixi əhəmiyyətə malik bir sənəddir. Burada haqlı olaraq qeyd edilir ki, keçmiş SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 745 nömrəli qərarları Azər­baycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Təkcə bu cinayət aktlarının həyata keçirilməsi nəticəsində 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan ərazisindən kütləvi şəkildə və zorakılıqla sürgün edilmişdir.

Öz dədə-baba torpağına qayıtmaq, orada dinc, təhlükəsizlik şəraitində yaşamaq hər bir azərbaycanlının borcudur. Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə Prezident İlham Əliyev onların əzəli torpaqlarına qayıtmalı olduqlarını qətiyyətlə söylədi: “Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq. Hesab edirəm ki, İcmanın çox mötəbər bir rəqəmsal platforması olmalıdır, bir portalı olmalıdır. Orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır”.

Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı tarixi bir zərurətdir və bu, ədalətin bərpası, onların təməl hüquqlarının təmin edilməsi olacaq. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın qüdrəti, apardığı uğurlu xarici və daxili siyasəti sayəsində Qərbi azərbaycanlıların da öz doğma torpaqlarına qayıdacağı günün uzaq olmadığına tam əmindir.

Bu yazı “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn məsələlərin mətbuatda işıqlandırılması və sərginin təşkili” layihəsi çərçivəsində hazırlanıb.

"Cebheinfo.az"