Ölüm saçan yollar: Son günlər qəzalar niyə artıb?

Son günlər ölkədə baş verən ağır yol qəzaları narahatlıq doğurur.
Martın 28-də Ağsu rayonunda baş verən yol-nəqliyyat hadisəsi bunu bir daha sübut etdi.
Qəza nəticəsində 8 nəfərin xəsarət alması və bəzi yaralıların vəziyyətinin orta-ağır qiymətləndirilməsi vəziyyətin ciddiliyini ortaya qoyur.
Maraqlıdr, buna səbəb təhlükəsizlik qaydalarına əməl edilməməsi, yoxsa yol infrastrukturundakı problemlərdir?
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov “Cebheinfo.az”-a açıqlamasında deyib ki, məsuliyyətsiz sürücülərin ucbatından digər yol hərəkəti iştirakçıları da qəzaya düşür və ağır faciələr baş verir.
Onun sözlərinə görə, bu gün baş verən qəzaların üç əsas səbəbi var:
“Birincisi, baş verən qəzaların ilk səbəbkar məhz avtomobili idarə edən şəxslərdir. İkincisi, yolların vəziyyətinin pis olmasıdır, üçüncü isə, nasaz avtomobillərdir.
Xüsusilə uzaq yollara çıxan və magistral yollarda avtomobil idarə edən sürücülər bilməlidirlər ki, avtomobil saz vəziyyətdə olmalıdır. Eyni zamanda, magistral yollarda yol hərəkəti qaydalarına ciddi riayət olunmalıdır.
İşıq cihazlarından istifadə edilməli, ötmə və dönmə əməliyyatları zamanı isə dönmə işıqlarından istifadə olunmalıdır. Təəssüf ki, sürücülərin bəziləri avtomobili belə düzgün idarə etməyi bacarmırlar, eləcə də yol hərəkəti qaydalarını bilmirlər.
Hətta bəzi sürücülər yol nişanlarının mənasını belə bilmirlər və bu sürücülərin sayı ildən-ilə artır. İnsanlar özləri günahkardırlar. Bilərək qaydaları pozurlar, sürət həddini aşırlar. Bəzi sürücülər qəfil manevrlər edirlər, lazım olduğu halda isə işıqlardan istifadə etmirlər.
Məsələn, Bakı şəhərinin özündə belə tunellərə daxil olan sürücülər nədənsə sürəti artırırlar. Yol boyu maksimal sürət 60 km/h göstərilirsə, sürücü tunelə daxil olanda elə düşünür ki, burada sürəti istədiyi qədər artırmaq olar. Halbuki bu belə deyil.
Tunelə daxil olarkən avtomobilin ön və arxa fənərləri yanmalıdır. Bəzi maşınlarda bu işıqlar avtomatik yanır, amma çox sayda avtomobildə bu funksiyanı sürücü özü işə salmalıdır ki, tuneldə gedən digər sürücülər onu görsünlər.
Təəssüf ki, buna çoxları əməl etmir. Həmçinin, tuneldə və körpülərdə ötmə əməliyyatları etməyə başlayırlar. Bu da yol hərəkətində ciddi təhlükələr yaradır.
Belə məsuliyyətsiz sürücülərin ucbatından digər yol hərəkəti iştirakçıları da qəzaya düşür və ağır faciələr baş verir. Qəzaların əsas səbəbləri məhz bunlardır”.
Ekspert qeyd edib ki, qəzaların baş verməsində təkcə yol hərəkəti iştirakçıları deyil, burada bəzi qurumların da məsuliyyətsizliyi əsas rol oynayır:
“Burada belə bir sual yaranır: Necə edək ki, qəzalar azalsın? Qəzaların azalması ilə bağlı “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” qəbul edilmişdi, bu proqram 5 ili əhatə edirdi.
Məhz 5 il ərzində hər bir qurum qarşısında müəyyən öhdəliklər qoyulmuşdu. Hər bir maddə üzrə hansı qurumun hansı işləri görməsi lazım olduğu göstərilmişdi, məqsəd isə Azərbaycanda qəzaların sayını 30 % azaltmaq idi.
Həmin proqramın 50 %-i icra olundu, digər 50 %-i isə icra olunmadı. Bu gün o proqramı yada salan belə yoxdur. Deməli, bu məsələdə təkcə yol hərəkəti iştirakçıları deyil, bəzi qurumların da məsuliyyətsizliyi əsas rol oynayır. O proqramın niyə yarımçıq qaldığını obyektiv olaraq araşdırmaq lazımdır. Yaxşı olar ki, müvafiq qurumlar həmin o dövlət proqramını yenidən rəfdən çıxarsınlar”.
Eldəniz Cəfərov cərimələrin bu problemi heç vaxt həll etməyəcəyini vurğulayıb:
“Bu gün sürücülük kurslarına da diqqət yetirmək lazımdır. Hazırda sürücülük kursları formal xarakter daşıyır və orada sürücülük bacarıqları ilə yol hərəkəti qaydaları tam olaraq öyrədilmir.
Bir çox hallarda insanlar 30 gün ərzində kursu bitirib, artıq avtomobil idarə edə biləcəklərini düşünürlər. Bu belə olmamalıdır. Bu kurslara ciddi yanaşılmalıdır, çünki bu cür qeyri-ciddi yanaşmalar qəzaların artmasına səbəb olur.
Bizim ölkədə qayda pozuntularına qarşı cərimələr tətbiq edilir, lakin bu, problemi həll etmir. Hətta eyni qaydanı 100 dəfə pozan şəxs 100 dəfə cərimələnir. Bu yanaşma ilə nəticə əldə etmək mümkün deyil.
Məsələn, eyni qayda pozuntusunu 3 dəfə edən sürücü müəyyən müddət, məsələn 1 və ya 2 il müddətinə sürücülük hüququndan məhrum edilməlidir. Yalnız bu halda sürücülər daha məsuliyyətli ola bilər. Çünki cərimələr heç vaxt bu problemi tam həll etməyəcək”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”