Natiq Məmmədli: “Azərbaycan beynəlxalq hüququn prinsiplərini öz gücünə bərpa etdi”
"Bugünkü tədbirə ölkəmizin aparıcı media qurumlarının nümayəndələri toplaşıb. Azərbaycan mediası dünyada sülhün təşviqində fəal rol oynamalıdır. Sülhün və sülh prinsiplərinin təbliği medianın əsas missiyalarından biri kimi qəbul edilməlidir".
"Cebheinfo.az" xəbər verir ki, bunu “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən tədbirdə Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli bildirib.
O qeyd edib ki, bu, həm də media etikasının ümumi prinsipləri ilə tam uyğun gələn bir yanaşmadır:
"İnanırıq ki, Prezidentin çağırışından sonra media ictimaiyyəti bu vəzifəni də yüksək peşəkarlıqla və məsuliyyətlə həyata keçirəcək. Azərbaycan insanının heysiyyətinə toxunan məqamlar var. O məqamlar ki, onun mənəvi dəyərləri və prinsipləri ilə kimlərsə imitasiya edir, kimlərsə isə onları görməzdən gəlir.
Təəssüf ki, müasir siyasi tariximizin belə qara ləkələri də mövcuddur. Bunlardan biri də ATƏT Minsk qrupu adlanan köhnə bir qurumun fəaliyyətidir. Daha doğrusu, onun fəaliyyəti deyil, fəaliyyətsizliyi sülh imitasiyasına hesablanmışdı.
Tarix də buna öz qiymətini verdi. Azərbaycan beynəlxalq hüququn prinsiplərini öz gücünə, öz potensialı hesabına bərpa etdi və hər hansı bir qrupun və yaxud qruplaşmanın köməyinə ehtiyac duymadı".
"Cebheinfo.az"

