İran qüvvələri Oman körfəzində ABŞ esminesinə hücum edib
İranın Hərbi Dəniz Qüvvələri (HDQ) Oman körfəzində İslam Respublikasının ərazi sularını keçməyə cəhd edən Amerika esminesinə hücum edib.
Bu barədə İran HDQ-nin mətbuat xidmətindən bildirilib.
"Bir neçə saat əvvəl İranın Hərbi Dəniz Qüvvələri aşkarlayıb müəyyən etdikdən dərhal sonra Oman körfəzində İranın ərazi sularına yaxınlaşmaq niyyətində olan Amerika esminesində yerləşən komandanlıq və idarəetmə mərkəzinə zərbə endirib", - bəyanatda deyilir.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.
ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.
"Cebheinfo.az"

