"Qayıdışa aparan yol" adlı layihənin icrası davam etdirilir
“Beynəlxalq Əlillər Cəmiyyəti” İB (BƏCİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Qayıdışa aparan yol" adlı layihəni icra edir.
"Cebheinfo.az" xəbər verir ki, ictimai birliyin nümayəndələri layihə çərçivəsində nəzərdə tutulan növbəti tədbiri həyata keçirərək Qaradağ rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Qobu Park-2 Yaşayış Kompleksində onlarla görüş keçiriblər.
Tədbirin əvvəlində bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
İctimai Birliyin sədri Tahir Xudiyev layihə barədə məlumat vermiş və görüşün məqsədini iştirakçıların diqqətinə çatdırmışdır. O qeyd etmişdir ki, Qarabağa qayıdış azadlığa və sülhə gedən yoldur.
Tədbirdə məcburi köçkünlərdən Elxan Ağayev, şair-publisist, şəhid atası Əkbər Rüstəmov, Vəsilə Məhərrəmova, Sənubər Aslanova, Ruhiyyə Quliyeva, Bahar Məmmədova və İlhamə Orucova söz alaraq problemlərini səsləndirmişlər. BƏCİB tərəfindən hər birinin probleminin aidiyyəti dövlət qurumlarının diqqətinə çatdırılması və həlli istiqamətində qeydiyyatı aparılmışdır.
Qaradağ Rayon İcra Hakimiyyətinin şöbə müdiri Həsrət Almasov, “Şəhid Ailələrinə Sosial Dəstək” İB-in sədri Almaz Zeynalova və BƏCİB-in İdarə Heyətinin üzvü, şəhid polkovnik-leytenant Rəşad Quliyevin anası çıxışlarında maarifləndirmə məqsədilə təşkil olunan belə layihə və tədbirlərin qayıdışa aparan yolda müharibə əlillərinin, müxtəlif kateqoriyalı əlilliyi olan şəxslərin, şəhid ailəsi üzvlərinin və digər imtiyazlı şəxslərin sosial həyata inteqrasiya olunmalarına, yaşayış səviyyələrinin yüksəldilməsinə mənəvi köməklik və ictimai dəstək olacağına əmin olduqlarını bildirmişlər.
Qaradağ Rayon İcra Hakimiyyətinin şöbə müdiri Şamama Ağamirova da tədbirdə iştirak etmişdir.
Tədbirin sonunda xatirə şəkli çəkdirilmişdir.
"Cebheinfo.az"

