Müharibə yenidən BAŞLAYIR?

İranın Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi İsrailin atəşkəs rejiminə əməl etməsinə şübhə ilə yanaşaraq Tehranın istənilən yeni təcavüz aktına sərt cavab verəcəyi barədə xəbərdarlıq edib.
“Cebheinfo.az” bu barədə “Tasnim”-ə istinadən xəbər verir.
General-mayor Musəvi və Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman Əl Səud bazar günü telefon danışığında 12 günlük müharibə də daxil olmaqla ikitərəfli və regional məsələləri müzakirə ediblər.
İranın yüksək rütbəli hərbi rəsmisi deyib ki, ABŞ və İsrailin hücumları İslam Respublikasına qarşı həyata keçirilib, Tehran və Vaşinqton dolayı nüvə danışıqları apararkən İran təmkinli davranır.
General bildirib ki, İranla 12 günlük müharibə ABŞ və İsrailin heç bir beynəlxalq qayda və normalara əməl etmədiyini sübut etdi.
General-mayor Musəvi xəbərdarlıq edib:
“Düşmənin öz öhdəliklərinə, o cümlədən atəşkəsə əməl etməsinə tam şübhələrimiz olduğundan, təcavüz aktının təkrarlanacağı təqdirdə ona sərt cavab verməyə hazırıq”.
O, İranın müharibəni başlatan tərəf olmadığını, təcavüzkarlara tam gücü ilə cavab verdiyini vurğulayıb.
Səudiyyə Ərəbistanının müdafiə naziri öz növbəsində krallığın İrana qarşı təcavüz aktlarını pislədiyini və müharibənin dayandırılması üçün səy göstərdiyini bildirib. O, həmçinin İsrailin zərbələri nəticəsində bir sıra hərbi komandirlərin həlak olması ilə bağlı İrana başsağlığı verib.
Xəzər
“Cebheinfo.az”