Pəhləvilərə yeni rəqib: Qacarların da şahzadəsi üzə çıxdı

İsrailin İrana qarşı başladığı genişmiqyaslı hava zərbələri və bu prosesin ardınca güclənən daxili etirazlar artıq uzun illərdir müzakirə olunan bir ehtimalı yenidən aktuallaşdırıb: İranda rejim dəyişsə, onu kim əvəz edə bilər?
Teokratik hakimiyyətin zəiflədiyi, etirazların müxtəlif sosial təbəqələrə yayıldığı bir vaxtda İranın gələcəyi ilə bağlı müxtəlif ssenarilər irəli sürülür. Bunlardan biri də monarxiyanın bərpası ideyasıdır. 20-ci əsrin əvvəllərində ölkəni idarə etmiş iki sülalə - Qacarlar və Pəhləvilər bu kontekstdə tez-tez müzakirəyə çıxarılır. Qacarlar İranın sonuncu türk sülaləsi olub və 1925-ci ildə Rza şah tərəfindən devrilib. Sual yaranır ki, İran kimi mürəkkəb və çoxmillətli bir ölkədə monarxiyanın yenidən bərpası nə qədər realdır? Əgər bu baş verərsə, üstünlük hansı monarxiya xəttinə veriləcək – Pəhləvilərə, yoxsa Qacarlara?
İranı idarə etmiş Azərbaycan Qacar Xanədanının son varisi Şahzadə Babək Mirzə 2016 - cı ildə Azərbaycana da gəlmişdi.
"Cebheinfo.az"-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu bildirib ki, hazırda İranda baş verən hadisələr bir daha regionda proseslərin inkişafı, yeni dövlət modeli və idarəetmə üsullarının tətbiqi baxımından yeni imkanlar yarandığını göstərir.
O qeyd edib ki, əgər dünyada baş verən dərin strateji-siyasi məsələlərə diqqət etsək, indiki tarixi mərhələdə dəyişikliklərin, o cümlədən İranda dönüşlərin baş verməsi mümkündür:
“Bu dəyişikliklərin mahiyyəti və miqyası İran xalqının iradəsindən asılı olacaq. Hazırda ən çox müzakirə olunan məsələlərdən biri Rza şah Pəhləvi, yoxsa Babək Mirzə xəttinin hakimiyyətə gələcəyi ilə bağlıdır. Amma məncə, üçüncü bir versiyanı da nəzərdən keçirmək olar. Bu, radikal məzhəbçi İslamın və ya Qərb yönümlü monarxiyanın deyil, türklərin “ılımlı İslam” adlandırdığı, bizim isə “mülayim İslam” kimi tanıdığımız üçüncü yolun İranı idarə etmə ehtimalıdır.
Bu ssenari hipotetik olaraq, yəni nəzəri baxımdan mümkündür. Ancaq hansı yolun daha real və xalqın mənafeyinə uyğun olduğunu anlamaq üçün bu üç model müqayisəli təhlil edilməlidir. Pəhləvi rejiminin, yəni Məhəmməd Rza şahın hakimiyyətə gəlməsi, əslində, hakimiyyətin uzurpasiyası, yəni Qacar sülaləsinin sonuncu şahzadəsi Babək Mirzənin əlindən haqsız şəkildə alınması idi. Bu ədalətsizlik İranın sonrakı müharibələrə sürüklənməsinin əsas səbəblərindən biri oldu.
Məşrutə inqilabı və Səttarxan hərəkatının İranı demokratikləşdirmə cəhdləri həm xarici güclərin, həm də ölkədaxili bəzi dairələrin maneəsi ilə qarşılaşdı. Beləliklə, xalqın legitim hakimiyyət qurmaq arzusu boğuldu və nəticədə şah üsul-idarəsi quruldu.
Bu proses ağrısız baş tutmadı. Səttarxan hərəkatının davamçıları, xüsusən Azərbaycan türkləri ağır təqiblərə məruz qaldılar. Şah rejimi bu təzyiqlərlə ölkədə oturuşdu”.
Deputat deyib ki, 1979-cu ilə qədər davam edən bu rejimin İrana nə verdiyi göz qabağındadır:
“Tarix isə bu dövrdən əvvəl də Azərbaycan türklərinin və ümumiyyətlə, İranın demokratikləşməsi üçün təkrar imkanlar yaratdı. 1940-cı illərdə Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi hərəkat və Cənubi Azərbaycana muxtariyyət statusunun verilməsi İranın demokratikləşdirilməsi və bütün xalqların bərabər hüquqlarla birgə yaşaması istiqamətində ciddi addım idi. Təəssüf ki, bu təşəbbüs də 1943-cü il Tehran konfransında iki böyük imperiyanın qərarları ilə boğuldu.
Seyid Cəfər Pişəvərinin öldürülməsi və onun irsinin təqib olunması nəticəsində azərbaycanlıların demokratik İran arzusuna yenə zərbə vuruldu. Nəticədə, xalqın iradəsinə əsaslanmayan yeni bir rejim – bu dəfə radikal islamçılar tərəfindən qurulan teokratik rejim 1979-cu ildə hakimiyyətə gəldi. Bu rejimin nəticələri də 2025-ci il iyunun 13-də baş vermiş İran-İsrail qismi müharibəsi ilə göz önündədir".
Millət vəkilinin fikrincə, bu tarixi müqayisədən çıxan nəticəyə görə, əgər bu gün də legitim hakimiyyət formalaşmasa və İranın demokratikləşməsində əhəmiyyətli rol oynamış Azərbaycan türklərinin potensialı dövlət quruculuğunda nəzərə alınmasa, İran yenidən qeyri-stabil bir gələcəklə üz-üzə qalacaq:
"Azərbaycan türkləri bu regionun idarə olunmasında mühüm rol oynamalıdır. Onlar son 100 ilin təcrübəsini İran xalqına izah etməli, göstərməlidirlər ki, Azərbaycan türkləri İran dövlətçiliyinin ayrılmaz hissəsidir. Çünki say etibarilə ən böyük etnik qrup azərbaycanlılardır. Digərləri etnik azlıqlar sayılır, azərbaycanlılar isə İran əhalisinin 60%-ə qədərini təşkil edir.
Belə olan halda, demokratiyanın təməl prinsipi kimi çoxluq hakimiyyətdə təmsil olunmalı, hüquqi, demokratik və bütün xalqların birgə yaşadığı yeni İran modeli qurulmalıdır. Bunun üçün Cənubi Azərbaycan türklərinin dövlətçilik ənənəsi və İranın modernləşməsi istiqamətindəki imkanları reallaşdırılmalıdır. Amma təbii ki, son qərarı verəcək güc İran xalqının özüdür”.
Səbinə Uğur
"Cebheinfo.az"