İçərişəhərdə türbə yanındakı tədbir etiraz doğurdu: Qoruq təşəkkür etdi

İçərişəhərdə türbə yanındakı tədbir etiraz doğurdu: Qoruq təşəkkür etdi

Sosial şəbəkələrdə yayılan görüntülər narazılığa yol açıb.

Belə ki, Şirvanşahlar saray kompleksinin yuxarı həyətində, tarixi Keyqubad məscidinə bitişik yerləşən Seyid Yəhya Bakuvi türbəsinin yaxınlığında musiqi proqramının keçirilməsi barədə xəbər birmənalı qarşılanmayıb. Övliya kimi qəbul edilən Bakuviyə aid türbənin yanında tədbirin təşkilini qəbuledilməz sayanlar bunun mənəvi dəyərlərə hörmətsizlik olduğunu bildiriblər.

Onlar “Elə bil qəbiristanlıqda konsert verirsən”, “Bunu bir az başqa yerə çəkərdilər”, “Türbənin yanında konsert verilməsi normal deyil” və s. yazaraq narazılıqlarını bildiriblər.

“Cebheinfo.az” məsələ ilə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə əlaqə saxlayıb.

İdarədən bildirilib ki,  ərazidə nə çal-çağır olub, nə də əyləncəli rəqs proqramları keçirilib:

“Bu, sadəcə gəncləri cəlb etmək üçün təşkil olunan ən yaxşı tədbirlərdən biridir. Hansı gəncə desək ki, gedək türbəni ziyarət edək, çoxu gəlməz. Konsertin tərzi və məqsədi də məhz gəncləri cəlb etməkdir. Tədbir zamanı nə qeyri-qanuni, nə etik normalara zidd, nə də əxlaqi-milli dəyərlərimizə uyğun olmayan heç bir hal baş verməyib. Sağ olsunlar, bu məsələyə bu qədər diqqətlə yanaşırlar. Amma orada qeyri-etik heç bir şey baş verməyib".

İdarədən Bakuvinin türbəsi ətrafında keçirilən musiqi proqramı ilə bağlı səsləndirilən fikirlərə hörmət və anlayışla yanaşdıqları qeyd edilib:

“Bakuvi türbəsi ətrafında keçirilən musiqi proqramı ilə bağlı səslənən fikirləri anlayışla qarşılayırıq. Tarixi məkanlara olan həssaslıq bizim üçün hər zaman önəmlidir. Eyni zamanda, bu abidələrin mədəni həyatın bir parçası olaraq yaşadılması və tanıdılması da vacibdir. Xüsusən də gənc nəsilə. Sözügedən tədbir zamanı heç bir yüksək səsləndirici avadanlıqdan istifadə olunmayıb, qeyri-etik rəqs və ya davranış nümayiş etdirilməyib.

Proqram sakit, estetik və mədəni şəkildə təqdim olunub. Şirvanşahlar Sarayı Kompleksi və ümumilikdə İçərişəhər bu kimi mədəni layihələrə dəfələrlə ev sahibliyi edib. Gələcəkdə də bu cür layihələrin həyata keçirilməsi zamanı ictimai rəylər və həssaslıqlar diqqətlə nəzərə alınacaq. İçərişəhərdə keçirilən tədbirlərə göstərdiyiniz diqqət və münasibətə görə təşəkkürümüzü bildiririk”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”