Oğlunu 10 minə FHN-ə işə düzəldəcəkdi - Məmmədovun cinayət işi

Oğlunu 10 minə FHN-ə işə düzəldəcəkdi - Məmmədovun cinayət işi

Tanışını Fövqəladə Hallar Nazirliyində işə qəbul etdirmək adı ilə aldadan şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, tanışından 10 min manat alan şəxs onu aldadıb.

Mahir Məmmədov tanışı A.Hümbətovdan oğlunu işə düzəltmək adı ilə 10 min manat alıb. Məmmədov yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə bu işi həll etmək imkanına malik olduğunu deyib.

2022-ci ildə pulu alan M.Məmmədov bu günə qədər həmin məbləğin cəmi 2300 manatını qaytarıb.

Zərərçəkmiş şəxs 7700 manatını tələb edir.

Araşdırma zamanı məlum olub ki, Mahir Məmmədov işi düzəltməkdə kömək edəcək Elsevər Əsədov adlı şəxsin adını çəkib. Lakin sonradan bunu inkar edərək Elsevər Əsədovun bu işlə əlaqəsi olmadığını deyib.

Təqsirləndirilən Mahir Məmmədov vurduğu ziyanı ödəməsə də, məhkəmə onun barəsində yüngül cəza təyin edib.

Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilən 55 yaşlı M.Məmmədov barəsində Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

“Cebheinfo.az”