Avtomobil hissələri bazarında xaos: Bu məhsulları ölkəmizə kimlər gətirir?

Azərbaycan saxta, keyfiyyətsiz xarici malların, xüsusilə avtomobil detallarının, məişət cihazlarının daşındığı ölkələrdən biridir.
Ölkəni illərdir “dublikat” adı ilə satılan keyfiyyətsiz, bəzən hətta yararsız, standartlara uyğun olmayan avtomobil detalları bürüyüb.
İstənilən mağazaya girib bir detal soruşanda satıcının ilk sualı “orijinal istəyirsən, yoxsa dublikat” olur. Ən pisi odur ki, bir çox hallarda orijinal adı ilə elə “dublikat” mallar satılır. Bu vəziyyətdən ustalar da bezib, sürücülər də.
Maraqıdır, “dublikat” adı ilə satılan keyfiyyətsiz, standartlara uyğun olmayan avtomobil detalları ilə qarşılaşdıqda nə etməliyik?
Məsələ ilə bağlı “Azad İstehlakçılar” İctimayi Birliyinin (AİİB) sədri Eyyub Hüseynov “Cebheinfo.az”-a açıqlamasında deyib ki, onlara xeyli vaxtdır standartlara uyğun olmayan avtomobil detallarının satıldığına dair şikayətlər daxil olur:
“Hətta bu günlərdə istehlakçılar tərəfindən “dublikat”, standartlara uyğun olmayan avtomobil detallarının hissələrinin nümunəsi də ofisimizə gətirmişdilər. Məhz hökumətin sahibkarlar üçün yaratdığı rahat şəraitdən sui-istifadə edən bir çox “işbazlar” saxta avtomobil hissələrinin satışını özləri də təsdiqləyirlər.
Yəni bir çox hallarda satıcılar müştəriyə “bu, əsl ehtiyat hissəsidir, bu isə onun oxşarıdır” etirafını edirlər. Bildirim ki, bütün mal-material ehtiyatları sektorlarında satılan məhsulların heç birinin mənşəə sənədləri olmur. Bu gün “işbazlar” standartlara uyğun olmayan avtomobil detallarını ucuz qiymətə alıb, ölkəmizdə baha qiymətə satmağa çalışırlar”.
O bildirib ki, bu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli 94 saylı qərarının “Malların satılmasına dair” 5-ci bəndinin pozulmasıdır:
“Təsadüfi deyil ki, “Hyundai” avtomobillərini istehsal edən Cənubi Koreya şirkətinin mütəxəssisləri də Azərbaycanda saxta ehtiyat hissələrinin satışından narahat olmuş, bu işlərə nəzarət etməyə cavabdeh olan dövlət orqanlarının əməkdaşlarına 23 avqust 2023-cü ildə treninqlər keçirmişdilər. Lakin vəziyyət düzəlmədi”.
Onun sözlərinə görə, saxta malların satışı ilə məşğul olan fiziki və hüquqi şəxslər rəsmi kassa çeki də vermirlər:
“AİİB Babək prospektindəki mağazalarda, “Maşın bazarı” kimi tanın ticarət mərkəzində çoxlu belə faktlar aşkarlayıb. Əksər saxta mal satışı yerlərində istehlakçı hər hansı maliyyə sənədi tələb etdikdə, hətta saxta “qaimə faktura”nı da vermirlər, yəni iz qoymurlar! Saxta hissələrin markalanmasında istehlakçıları aldatmaq məqsədilə əksər hallarda “Mobis” haloqramından istifadə olunur”.
Eyyub Hüseynov qeyd edib ki, mövcud şəraitdən sui-istifadə edən çoxsaylı fiziki və hüquqi şəxs müxtəlif ölkələrdən - Çin, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Koreya, Rusiyadan “Hyundai” markalı avtomobillərə məxsus müxtəlif növdə saxta hissələr idxal edirlər:
“Saxta avtomobil ehtiyat hissələri satıldığı yerlər əsasən Bakı şəhərindəki Babək prospektində yerləşən ticarət mərkəzlərində satılır.
Ümumiyyətlə, saxta avtohissələr ölkəmizin bütün ərazisində geniş şəbəkə ilə satılır! Bazardakı bu sahədə olan xaos haqsız rəqabət mühiti yaratmaqla, istehlakçıların hüququnun pozulması, onların aldadılması ilə müşayiət olunan keyfiyyətsiz mallarla təminatına səbəb olur”.
AİB sədri bildirib ki, yol-nəqliyyat hadisəsi baş verdikdə, sığorta şirkətləri də bu “fürsəti” əldən vermir, yəni saxta avtomobil hissələrinin istifadəsindən yararlanır və ödənilən məbləğdə bunu nəzərə alırlar:
“Bununla bağlı digər problem avtotəmir məntəqələrinin əksəriyyətində saxta avtomobil hissəsindən geniş istifadə olunması, avtomobilini təmir etdirən şəxslərlə heç bir müqavilənin bağlanılmaması, ödənilən məbləğ müqabilində rəsmi maliyyə sənədinin verilməməsidir.
Xidmətdən istifadə etmiş sürücünün ustanın səhvi üzündən hadisə törədib hətta dünyasını dəyışsə belə, sonuncu dəfə avtomobilini harada təmir etdirdiyinə dair heç bir faktın olmamasıdır. Bunlar hamısı ciddi istehlakçı və dövlətin qanunlarının pozulmasıyla bağlı məsələlərdir.
Araşdırma göstərir ki, təkcə “Hyundai” saxta hissələrinin mal dövriyyəsi illik təqribən 2 000 000 manatdan yüksəkdir”.
O qeyd edib ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində saxta və ya keyfiyyətsiz malların idxal edilməsinə görə cəzalar nəzərdə tutulub:
“Saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə, saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir”.
Həsən Məmmədov
“Cebheinfo.az”