İran istəyinə çatdı: Tramp “oyunu” pozdu
İsrail Trampın təzyiqlərindən sonra Livana hücumu təxirə salıb.
Tehran xəbərdarlıq edib ki, İsrail Silahlı Qüvvələri Livana qarşı hərbi əməliyyatları başlayacağı təqdirdə ABŞ ilə danışıqlar prosesidən kənarlaşacaq və İsrailə raket zərbələri endirəcək. Qeyd olunub ki, atəşkəs dövründə İran bütün zərbə imkanlarını bərpa edib və hazırda onun İsrailə ziyan vurmaq üçün daha çox imkanı var.
Bu arada İranın yüksək rütbəli hərbi xadimi Yahya Rəhim Səfəri ABŞ və İsrailə xəbərdarlıq olaraq bəyan edib ki, İran Livanı əsla yalnız qoymayacaq və “Hizbullah”ın məhvinə imkan verməyəcək.
ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı apararaq onu Livanda hərbi əməliyyatları təxirə salmağa təkid edib. Telefon danışığından sonra Ağ Evin rəhbəri öz sosial şəbəkə hesabında qeyd edib ki, İsrail Livana qoşun göndərməyəcək və artıq yolda olan hər bir bölməyə geri qayıtmaq əmri verilib.
"İsrail Baş naziri Netahyahu ilə çox məhsuldar söhbətim oldu, Beyruta heç bir qoşun göndərilməyəcək və artıq yolda olan hər bir bölməyə geri qayıtmaq əmri verilib. Həmçinin yüksək vəzifəli rəsmilər vasitəsilə “Hizbullah”la çox yaxşı söhbətim oldu və onlar tam atəşkəs barədə razılığa gəldilər. İsrail onlara hücum etməyəcək və onlar da İsrailə hücum etməyəcəklər", – deyə Tramp bildirib.
Məsələ ilə bağlı politoloq Oqtay Qasımov “Cebheinfo.az” – a şərhində qeyd edib ki, ABŞ-İsrailin İrana hücumları ölkə daxilində SEPAH-ın mövqeyini daha da gücləndirib:
.jpg)
“İsrailin Livanda hərbi əməliyyatları yalnız İran tərəfindən deyil, eyni zamanda dünyanın əksər ölkələri tərəfindən də etirazla qarşılanıb. Hətta Fransa daha da irəli gələrək bu məsələni BMT-nin Təhlükəsizlik Şurasının toplantısına çıxaracağını bəyan edib. O ki qaldı İsrailin Livanda həyata keçirdiyi hərbi əməliyyatların məqsədinə, bu, iki hədəfə hesablanıb.
Birincisi, ölkənin şimal ərazilərinin təhlükəsizliyini təmin etmək, ikincisi, İsraildə hazırda radikal sağ qüvvələr hakimiyyətdədir və bu qüvvələr “Böyük İsrail” dövlətinin təbliğatçılarıdırlar.
Zaman-zaman onlar vəd olunmuş torpaqlar məsələsini gündəmə gətirirlər. Livanın cənub ərazilərinin nəzarət altına alınması təhlükəsizlik bağlı olsa da, bu ərazilər strateji baxımdan İsrail üçün çox önəmlidir, çünki bu ərazilərdə şirin su ehtiyatları mövcuddur”.
O.Qasımov əlavə edib ki, İsrailin Livanda hərbi əməliyyatları “Hizbullah”a qarşı yönəlsə də, əslində, bu, Livanın suverenliyinin açıq şəkildə pozulmasıdır:
“Düzdür, Livanda dövlət hakimiyyəti nominal xarakter daşıyır, ölkədə əsas güc İran tərəfindən himayə olunan “Hizbullah”ın əlindədir. İsrailin “Hizbullah”a hücumları şiddətlənəcəyi təqdirdə İran hakimiyyətinin bu təşkilatı müdafiə edəcəyi bəllidir. Ona görə ki, “Hizbullah” İrandakı rejim tərəfindən yaradılıb və 45 ilə yaxındır ki, Tehran bu təşkilata həm hərbi, həm də maliyyə cəhətdən dəstək göstərir”.
Ekspert vurğulayıb ki, Livan məsələsi ABŞ-İran danışıqlarında əsas müzakirə mövzulardan biridir:
“İranın hərbi-siyasi rəhbərliyi açıq şəkildə bəyan edir ki, İsrail ordusu Livanda hərbi əməliyyatları genişləndirəcəksə, o, İsrailin ərazisini raket atəşinə tutacaq və danışıqlar msasasından geri çəkiləcək. Bu isə qətiyyən ABŞ Prezidenti Donald Trampın maraqlarına uyğun deyil.
Xüsusilə qeyd edim ki, ABŞ-İsrailin İrana qarşı hücum əməliyyatları başladıqdan sonra ölkədə SEPAH daxil olmaqla radikal qüvvələr öz mövqelərini daha da gücləndiriblər, belə demək mümkünsə, hakimiyyəti ələ alıblar. Onlar öz şərtlərini diktə etməyə çalışırlar.
40 günlük savaş İranı maddi və hərbi cəhətdən zəiflətsə də, daxilində SEPAH-ın mövqeyini daha da möhkəmləndirdi və İranı regionda ciddi faktora çevirdi. İranda SEPAH-ın və digər radikal qüvvələrin aqressiv ritorikası region üçün müəyyən təhdidlər yaradır.
Təsəvvür edək ki, belə bir rejim nüvə silahına malik olarsa, bu, regionda daha da fəlakətli təlatümlərin baş verməsinə gətirib çıxarar. İrandakı rejim ABŞ və İsrail ilə savaşda nə qədər zərbə alsa da, özünü qalib hesab edir”.
Yunis Abdullayev
“Cebheinfo.az

