Saatlıda “Dəyişən sosial və iqtisadi mühitdə qadınların müdafiəsi” mövzusunda tədbir keçirildi - FOTOLAR

Saatlıda “Dəyişən sosial və iqtisadi mühitdə qadınların müdafiəsi” mövzusunda tədbir keçirildi - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə İctimai Birliyi tərəfindən “Dəyişən sosial və iqtisadi mühitdə qadınların müdafiəsi” adlı layihə çərçivəsində Saatlı rayonunda maarifləndirici xarakter daşıyan tədbir keçirilmişdir.

"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, bu barədə Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə İctimai Birliyinin sədri Elnarə Məhərrəmova məlumat verib. Onun sözlərinə görə, tədbirdə Saatlı rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fərhad Mürsəlov, KOBİA-nın Saatlı rayon üzrə nümayəndəsi Piri Hüseynli, Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin rəhbəri Gülnar Babaşova, eləcə də rayon ərazisində məskunlaşmış qaçqın və məcburi köçkün qadınlar, şəhid ailələrinin üzvləri iştirak etmişdir. Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Layihənin rəhbəri Elnarə Məhərrəmova tədbiri giriş sözü ilə açaraq layihənin məqsədi, donor təşkilat və qarşıya qoyulmuş hədəflər barədə iştirakçılara ətraflı məlumat vermişdir.

Layihə üzrə ekspertin təqdimatında qadınların sosial və iqtisadi mühitə uyğunlaşması, məşğulluq imkanlarının artırılması, xüsusilə işğaldan azad olunmuş ərazilərlə bağlı yeni iqtisadi dinamikanın təsirləri geniş təhlil edilmişdir. Bildirildi ki, bu bölgələrdə formalaşan iş bazarı əsasən kənd təsərrüfatı, tikinti və xidmət sahələri üzrə formalaşır və məcburi köçkün qadınlar üçün hazırda təqdim olunan iş imkanları bəzi hallarda fiziki baxımdan çətin və sosial baxımdan tam uyğun olmasa da, mövcud proqramlar çərçivəsində bu vəziyyətin mərhələli şəkildə yaxşılaşdırılması və qadınların peşə bacarıqlarına uyğun məşğulluq imkanlarının yaradılması nəzərdə tutulur.

Tədbirdə həmçinin məşğulluq və özünəməşğulluq proqramlarının üstünlükləri, qeydiyyat prosedurları və qadınların bu imkanlardan necə faydalana biləcəyi barədə praktik məlumatlar təqdim edildi. İştirakçılara sosial iş yerləri, peşə təlimləri və kiçik ailə təsərrüfatlarının yaradılması kimi istiqamətlərdə dəstək mexanizmləri izah olundu.

Tədbirdə iştirak edən rəsmi qonaqlar Saatlı rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fərhad Mürsəlov, KOBİA - Saatlı rayon üzrə Agentliyin nümayəndəsi Piri Hüseynli, Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin nümayəndəsi Gülnar Babaşovaqadınların sosial müdafiəsinin gücləndirilməsi, peşə bacarıqlarının artırılması və yerli səviyyədə məşğulluq imkanlarının genişləndirilməsi ilə bağlı fikir və təkliflərini səsləndirdilər.

Sonda iştirakçıların sualları cavablandırıldı, onların irəli sürdüyü fikir və təşəbbüslər dinlənildi.

Tədbirin sonunda layihənin rəhbəri Elnarə Məhərrəmova layihənin reallaşmasına verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakçılarına minnətdarlığını bildirdi.

"Cebheinfo.az"