“Azdrama”da qalmaqal şiddətləndi: “Söyüşün kamera görüntüsü var”

“Azdrama”da qalmaqal şiddətləndi: “Söyüşün kamera görüntüsü var”

Akademik Milli Dram Teatrında qalmaqal böyüyür. 

Ötən gün Əməkdar artist Mehriban Xanlarova Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə ilə bağlı sosial şəbəkə hesabında bu məsələni yenidən gündəmə gətirib. 

O, paylaşımında hazırda Türkiyədə yaşayan aktrisa-rejissor Məlahət Abbasovanın yerli mediaya verdiyi açıqlamasına yer verib. Belə ki, paylaşımda Mehriban Ələkbərzadənin davranışlarına görə “Azdrama”nın “İstanbul Mekan Tiyatro” Beynəlxalq Teatr Festivalının iştirakçı siyahısından çıxarıldığı qeyd olunub. Bildirilib ki, Mehriban Ələkbərzadə ölkəmizdən kənarda da Azərbaycanın mədəni nüfuzuna zərbə vurur. Bununla bağlı Əməkdar artist Mehriban Xanlarova ilə əlaqə saxladıq. 

O, “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə ilə bağlı kollektivdə ciddi narazılıqlar var və onun davranışları teatrda gərginlik yaradır: 

“Mehriban Ələkbərzadə ilə bağlı şikayətlərdən sonra onun iş otağı dəyişdirildi. Çünki direktora aid olan otağı zəbt etmişdi və dövlət tərəfindən ona ayrılmış avtomobil əlindən alındı. Lakin görülən bu tədbirlər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yaşanan ciddi problemlərin, skandalların, hadisələrin qarşısını almaq üçün kifayət etmir və bizi sakitləşdirmir! Çünki kollektiv üzvlərinə yuxarıdan aşağı baxan bir rəhbərin vəzifədə qalması teatrın daxilindəki gərginliyi daha da artırır.

Mehriban Ələkbərzadə özü verdiyi müsahibələrdə aktyorlara qarşı kobud münasibətini etiraf edir ki, lazım gələndə aktyorların "əllərinin üstündən vura bilərəm, üstünə qışqırıram, balaca problem olan kimi onları kəsib atıram". Bu yanaşma onun bədii rəhbər olaraq idarə etmə üslubunu və kollektivimizə qarşı olan münasibətini açıq şəkildə ortaya qoyur”. 

Aktrisanın sözlərinə görə, Mehriban Ələkbərzadə qisas alır: 

“Azər Paşanın dönəmində Mehriban Ələkbərzadə teatra gələ bilmirdi. Rəhmətlik bilirdi ki, Mehriban Ələkbərzadə onkoloji xəstəlik kimi düşdüyü yeri məhv edir. Mehriban Ələkbərzadə bu yaxınlarda verdiyi bir müsahibədə bildirib ki, Azər Paşa "Paşa teatrı" qurmaq istəyirdi. Həyatını sənətə həsr etmiş, artıq bu dünyada olmayan bir insanın arxasınca danışmaq nə peşə əxlaqına, nə insan əxlaqına sığır. Əgər həmin fikirləri deməyə cəsarət var idisə, sağlığında deməli idi. Özü isə "Ələkbərzadə teatrı" qurmaq istəyir. Lakin bu azusu ürəyində qalacaq!”

Mehriban Xanlarova daha bir qalmaqallı iddianı gündəmə gətirib: 

“Mədəniyyət naziri teatr kollektivimizlə görüşdükdən sonra keçirilən iclas zamanı nazir tərəfindən ona söz haqqı verilmədiyi üçün etdiyimiz şikayətləri qəbul edə bilməyərək iclas bitən kimi həmkarımız Məsmə Aslanqızını ağıza alınmayacaq söyüşlərlə təhqir etdi. Bu hadisənin kamera görüntüləri və bir neçə canlı şahidi var. Onlar tərəfindən rəsmi izahatlar aidiyyəti dövlət qurumlarına təqdim olunub. 

Bundan başqa, Mehriban Ələkbərzadənin təhriki ilə Fizuli Hüseynov və Əli Nurun arasında yaşanan insidentlə bağlı hazırda prokurorluq tərəfindən istintaq aparılır. Bütün bu hadisələrin mərkəzində isə Mehriban Ələkbərzadənin adı keçir. Digər məsələ isə Məlahət Abbasova ilə bağlı “Facebook” səhifəsində yazıb ki, İstanbul Şəhər Teatrına “hocanın adamının adamı” olaraq işə götürülmüsən və Mehriban Ələkbərzadənin bu sözünü İstanbul Şəhər Teatrlarının nüfuzuna ləkə olaraq qəbul edib “Azdrama”nı “İstanbul Mekan Tiyatro” Beynəlxalq Teatr Festivalının iştirakçı siyahısından çıxardılar. 

Bir daha sübut olundu ki, Mehriban Ələkbərzadənin fəaliyyəti teatrımızın və ölkəmizin adına xələl gətirir. Bizim sualımız budur: daha hansı hadisə baş verməlidir ki, Mədəniyyət Nazirliyi onu vəzifəsindən azad etsin? Biz teatrımızda kollektivini aşağılayan bir bədii rəhbəri görmək istəmirik”. 

Aktrisa Mehriban Xanlarova qeyd edib ki, sənət adamları susmayacaq: 

“Bu məsələdə öldü var, döndü yoxdur! Mehriban Ələkbərzadə mühüm postlarda vəzifə sahibi olan rəfiqələrinə, dost-tanışlarına güvənərək, arxalanaraq hegemonluq edir. Biz isə cənab Prezidentə güvənirik və əminik ki, Akademik Milli Dram Teatrının yaradıcı kollektivinə qarşı münasibətdən xəbər tutduğu halda məsələyə müdaxilə edəcək və zəruri tədbirlərin görülməsini təmin edəcək”. 

Məsələ ilə bağlı “Cebheinfo.az” Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı ilə əlaqə saxlayıb.

O bildirib ki, teatrın bununla bağlı heç bir açıqlaması və şərhi olmayacaq.

Əfsanə Rəcəb 
“Cebheinfo.az”