ECO-nun 17-ci Zirvə görüşü nələrlə yadda qaldı?

"İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) məqsəd və məramına, eyni zamanda üzvlərinin əhatə dairəsinə və üzvlərin xarici siyasət prioritetlərinə diqqət etsək, bu təşkilatla əməkdaşlığın Azərbaycanın gələcək məqsədləri ilə tam şəkildə üst-üstə düşdüyünü görərik".
Bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov "Cebheinfo.az"-a açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanın bütün dünya xalqları ilə sülh, əmin-amanlıq şəraitində yaşamağı və bu istiqamətdə fəaliyyət göstərməyi özünün ali konstitusion niyyəti kimi bəyan etdiyi hamıya məlumdur:
"Eyni zamanda, biz başqa dövlətlərlə münasibətlərimizi beynəlxalq hüququn ümumi prinsiplərində əksini tapan normalar əsasında qururuq.
Bu təsisat da məhz həmin çərçivədə bizim üçün həm beynəlxalq hüququn ümumtanınmış normalarının aliliyi baxımından, həm də bizim öz konstitusion niyyətlərimizin realizəsi baxımından çox vacibdir.
Təbii ki, həmin təşkilatın Zirvə görüşünün üçüncü dəfə Azərbaycanda keçirilməsi özlüyündə ayrıca müzakirə olunacaq hadisədir.
Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, əvvəlki 2-ci Zirvə görüşü Bakıda keçirilib və 2012-ci ildən sonrakı dövrdə regionda bütövlükdə tam yeni geosiyasi reallıq yaranıb".
Millət vəkili vurğulayıb ki, Azərbaycan geosiyasi reallığı özünün hərbi-siyasi qələbələri ilə yaradıb:
"Yeni reallıqların əsas həssas məqamları, istiqamətləri isə heç şübhəsiz Qarabağ və Şərqi Zəngəzurdur. Məhz bu tezislər rəhbər tutularaq elə qısa müddət öncə Laçında üç dövlətin başçısının dünyaya səsləndiyinin şahidi olduq, daha öncə Şuşada türkdilli dövlətlərin qeyri-rəsmi Zirvəsinə şahidlik etdik.
Dünən isə Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin rəhbərləri səviyyəsində Zirvənin keçirilməsi təşkilatın mütəmadi illik Zirvəsi olmaqla bərabər, həm də Azərbaycanın yaratdığı yeni geosiyasi reallığa yeni müstəvidən baxışdır".
Həmsöhbətimiz qeyd edib ki, təşkilata üzv dövlətlərin faktiki olaraq, hər biri Azərbaycanın ərazi bütövlüyünə öz dəstəyini göstərib:
"Amma təşkilat olaraq İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünü Azərbaycanın işğaldan azad olunmuş ərazisində - Xankəndidə təşkili o deməkdir ki, ölkəmiz artıq daha bir perspektivli müstəvidə özünün haqq işinin nəticələrini, reallıqları bəyan edə bildi.
İstər ərazi, istər təbii sərvətlər, istər geosiyasi yerləşmə və coğrafi lokasiya baxımından, yəni kommunikasiya xətlərinin yerləşməsi cəhətdən İqtisadi Əməkdaşlıq Təşkilatının coğrafiyası özlüyündə bu gün dünyanın mərkəz rolunu oynayacaq bir bölgədir. Bu mənada, həmin üzv dövlətlərin özləri özlüyündə dünya siyasətində diqqət cəlb edən ölkələrdir".
Bəhruz Məhərrəmov onu da əlavə edib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının hazırkı çoxqütblü dünyada, qütblərarası ziddiyyətin dərinləşdiyi, ayırıcı xətlərin xüsusilə aydın göründüyü bir məqamda Xankəndidən dünyaya səslənməsi ən azından prezidentlərin, baş nazirlərin təyyarələrinin Qarabağa, Xankəndiyə, Füzilyə istiqamətlənməsi özlüyündə ciddi hadisədir:
"Vaxt vardı, Azərbaycan özünün haqq səsini hansısa bir səfirə belə dedirdə bilmirdi, ərazilərimiz işğalda idi, ölkəmizin ərazisində separatizm ocağı var id, amma bu gün Azərbaycan reallıqları nəinki dünya mediasının, dünya dövlətlərinin, dünya prezidentlərinin diqqətinə çatdıra bilir.
Həmin dövlət başçıları artıq Azərbaycanın yaratdığı reallıqların mərkəzində - Xankəndidə özləri artıq bu məsələnin servisində birbaşa rol alırlar.
Bu mənada, biz Zirvəyə ev sahibliyi etməklə istər İqtisadi Əməkdaşlıq Təşkilatının, istər bütövlükdə BMT məqsədləri, istərsə də ölkəmizin maraq və mənafeləri baxımından mühüm addım atdıq.
Həmçinin, mövcud reallıqların nəticələrinin bir daha təsdiqlənməsi, elan olunması və bu reallıqların geri dönməz olduğunu göstərmək baxımından informasiya müharibəsində mühüm bir qələbəyə imza atmış olduq".
Elmir Mustafa
"Cebheinfo.az"