Doğumlar kəskin azalır: Ailələrə dəstək paketi çıxış yolu ola bilərmi?
Cari ilin yanvar-may ayları ərzində 34 min 470 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniş edilib.
Bildirilib ki, müavinət ödənişləri 16 min 44 nəfər qız, 18 min 426 nəfər oğlan uşağına görə aparılıb.
Qeyd edək ki, məhz bu rəqəmlər bu ilin 5 ayında ölkədə doğulan uşaqların sayını göstərir.
Ötən ilin ilk 5 ayında isə ölkədə 41 500-dən çox doğum qeydə alınıb. Təxminən 7 min azalma var.
Builki statistika Azərbaycanda ayda təxminən 7 minə yaxın uşağın dünyaya gəldiyini göstərir.
Göründüyü kimi, rəqəmlərdən çıxış etsək, il sonunadək qarşıdakı 7 ayda 48-50 min uşağın anadan olması gözlənilir.
Məhz bu sahədəki mövcud vəziyyəti proqnozlaşdırsaq, o zman 2026-cı ildə Azərbaycanda 85 minə yaxın körpə doğulacaq.
Xatırladaq ki, ötən il bu rəqəm 95 800 nəfər təşkil edib.
Bir ildə doğum sayında 10 mindən çox azalma gözlənilir. Son 10 ildə isə doğum düz iki dəfə azalıb. 2015-ci ildə ölkədə 166 210 uşaq dünyaya gəlmişdi.
Hazırda mövcud vəziyyət heç də yaxşı deyil. Belə ailələrin dəstək paketinə ehtiyac var. Bəs bu paketlər minimum neçə manat təşkil etməlidir?
Məsələ ilə bağlı “Cebheinfo.az”-a danışan sosioloq Hüseyn İbrahimov bildirib ki, hazırda Dövlət Statistika Komitəsinin məlumatları da onu deməyə əsas verir ki, Azərbaycanda uşaqların doğumunda müəyyən azalmalar var:

“Məhz bu azalmaların bir çox səbəbləri var. İlk növbədə, istər oğlanlar, istərsə də qızlar artıq daha gec yaşda ailə qururlar. 7 il əvvəl statistik göstəricilərdə 18-25 yaş arasında ailə quranların sayı daha çox idi, indi bu statistika həmin yaş qrupları arasında xeyli azalıb. Son dövrlərdə yeniyetmə və gənclər öz karyeralarını qurmağa daha çox meyil edirlər, nəinki ailə qurmaq məsələsinə.
İkinci növbədə, zamanında Azərbaycanda qohumlar arasında da nikahlar çox geniş yayılmışdı və bu gün, düzgün olaraq, həmin nikahların ləğvi, ölkədə sağlam uşaqların doğulması üçün mühüm şərtdir.
Bildirim ki, bu da evliliklərin sayının azalmasına gətirib çıxarır. Xüsusən də boşanmaların sayının artması çox böyük problem yaradır. Bütün bunların hamısı nikahların sayının azalmasına səbəb olur. Bu baxımdan, problemin kökündə uşaqların doğumunun azalması deyil, nikahların sayının azalması dayanır.
Bu gün insanlar daha rahat yaşamaq üçün az uşaqla kifayətlənirlər. Bunu isə sosial amillərlə və dəstək paketləri ilə əlaqələndirmək çətin olar. Bəzi ölkələrdə isə çox yüksək təminatı olan ailələr belə, bir uşaqla kifayətlənirlər. Amma Azərbaycanda ailə quran ailələrin əksəriyyəti isə çox uşaq istəyirlər. Bu da əvvəlki dövrlərlə müqayisədə azdır.
Ailələrin dəstək paketinə gəldikdə, bu paketin uşaq doğulandan 7 yaşına çatana qədər hər ay minimum 100-150 manat olmaqla verilməsi daha məqsədəuyğun olar. Çünki uşaq üçün 1-7 yaş aralığı həlledici məqamdır. Uşağın böyüməsi üçün ayrılan çox zəruri tələbatlar məhz bu yaşda olur.
Uşaqlar üçün minimum istehlak səbəti 246 manat təşkil edir. Ancaq burada, təbii ki, valideynlər üçün dövlət tərəfindən məzuniyyətlərin verilməsi məsələsi var və bu zaman onların aylıq maaşları nəzərə alınır və saxlanılır. Qeyd edim ki, hazırda elə ailələr var ki, həmin ailələrin sosial durumları yaxşı deyil. Bu, statistik baxımdan da nəzərə alınmalıdır”.
Sosioloq qeyd edib ki, bu gün Azərbaycanda elə ailələr var ki, onların aylıq gəliri aşağıdır və yaxud ailənin bir üzvü işləyir:
“Bu ailələrdə minimum istehlak zənbilini təşkil edən məbləğin uşaqlar 7 yaşa çatana qədər verilməsi məqbul olardı”.
Aişə Abdulova
“Cebheinfo.az”


