Qrossi: "Nüvə obyektlərinə hücum qəbuledilməzdir"
Rafael Mariano Qrossi bildirib ki, dünyanın harasında yerləşməsindən asılı olmayaraq, nüvə elektrik stansiyaları heç vaxt hücum hədəfi olmamalıdır.
"Cebheinfo.az" xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İdarə Heyəti Barakah Nüvə Elektrik Stansiyasına edilən hücumla bağlı fövqəladə iclas keçirib.
İclasın açılışında çıxış edən Qrossi xatırladıb ki, bu gün Zaporojye Nüvə Elektrik Stansiyası yaxınlığındakı cəbhə xəttində əldə olunmuş yerli atəşkəs qüvvəyə minib. O, danışıqlarda əməkdaşlığa görə Rusiya və Ukrayna nümayəndə heyətlərinə təşəkkür edib.
Qrossi həftə ərzində Körfəz ölkələrinin rəsmiləri ilə görüşdüyünü və BƏƏ-də yerləşən Barakah Nüvə Elektrik Stansiyasına edilən hücumla bağlı müzakirələr apardığını bildirib.
O qeyd edib ki, sözügedən stansiyanı da ziyarət edib və mayın 17-də pilotsuz uçuş aparatının vurduğu zərərin izlərini görüb. Onun sözlərinə görə, hücum nəticəsində stansiyanın ərazisindən kənarda yerləşən generatorlardan birində yanğın baş verib.
Qrossi hadisənin nüvə təhlükəsizliyini ciddi şəkildə təhlükə altına qoyduğunu, lakin stansiyada radiasiya səviyyəsinin normal qaldığını vurğulayıb.
BAEA rəhbəri xəbərdarlıq edib ki, Barakah da daxil olmaqla fəaliyyət göstərən digər nüvə stansiyalarına ediləcək hər hansı hücum ətraf mühitə yüksək səviyyədə radioaktiv sızmaya səbəb ola bilər.
Qrossi bildirib ki, dinc məqsədlərlə istifadə olunan nüvə obyektlərinə qarşı hücumlar qəbuledilməzdir: “Dünyanın harasında yerləşməsindən asılı olmayaraq, nüvə obyektləri heç vaxt hücuma məruz qalmamalıdır. Daha əvvəl dəfələrlə etdiyim kimi, bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə çağırıram”.
O əlavə edib ki, nüvə təhlükəsizliyi istisnasız olaraq hamı üçün keçərli olan fundamental prinsipdir və bu məsələdə BAEA üçün heç bir “ikili standart” mövcud deyil.
Nigar Hacılı
"Cebheinfo.az"


