İkinci evlilikdə miras necə bölünür?

İkinci evlilikdə miras necə bölünür?

Ailə və miras münasibətləri cəmiyyətdə ən çox mübahisə doğuran hüquqi məsələlərdən biri olaraq qalır. 

Bu mübahisələrin kökündə isə çox vaxt əmlakın kimə və hansı şərtlərlə məxsus olması ilə bağlı hüquqi anlaşılmazlıqlar dayanır. Xüsusilə də tərəflərdən birinin vəfatından sonra onun adına olan əmlakın bölüşdürülməsi ilə bağlı müxtəlif suallar yaranır. 

Mübahisələr daha çox nikah dövründə birgə əldə edilməmiş, həyat yoldaşlarından birinə nikahdan əvvəl məxsus olmuş və ya sonradan əldə edilmiş daşınmaz əmlaklarla bağlı ortaya çıxır. Əgər şəxs ikinci dəfə evlənibsə, vəziyyət daha da mürəkkəbləşir və əvvəlki nikahdan olan övladlar, sonuncu həyat yoldaşı və digər varislər arasında hüquqların müəyyənləşdirilməsi daha çox mübahisə yaradır.

Bəs qanun bu kimi vəziyyətlərdə əmlakın bölüşdürülməsini necə tənzimləyir və varislərin hüquqları hansı prinsiplər əsasında müəyyən olunur?

Mövzu ilə bağlı “Cebheinfo.az” –a açıqlamasında hüquq müdafiəçisi Samir Zeynalov bildirib ki, belə hallarda vəziyyət qanunvericiliyə uyğun tənzimlənir: 

“Əmlak münasibətləri, xüsusilə də miras qoyana münasibətdə qanun belə tənzimlənir ki, əgər tərəflər ər-arvad boşanırlarsa, o zaman keçmiş ər və ya arvad digərinin mirasından məhrum olur. 

Lakin nikahdan dünyaya gəlmiş uşaqlar varsa, hətta miras qoyan şəxs ikinci dəfə evlənmiş olsa belə, birinci nikahdan doğulmuş uşaqlar həmin şəxsə münasibətdə vərəsə statuslarını qoruyub saxlayırlar. 

Yəni ər-arvad boşanması və onlar arasında olan nikah münasibətlərinə xitam verilməsi uşaqları heç bir halda vərəsəlikdən məhrum etmir. Təbii ki, bu, uşaqlar varsa, belə olur.

Əgər şəxs ikinci dəfə evlənirsə və sonuncu dəfə evləndiyi şəxslə rəsmi nikaha daxil olursa, bu halda birinci nikahdan olan şəxsə deyil, ikinci nikahda olduğu şəxsə də miras əmlakdan pay düşür. Miras yalnız şəxs vəfat etdiyi andan etibarən açılır”. 

Gülər Həsənli 
“Cebheinfo.az”