Bakı: Urbanizasiya modelini təqdim edən regional mərkəz

Bakı: Urbanizasiya modelini təqdim edən regional mərkəz

Bakı bu gün beynəlxalq şəhərsalma gündəmində diqqət mərkəzinə çevrilərək qlobal urban inkişaf proseslərinin müzakirə olunduğu əsas platformalardan birinə ev sahibliyi edir. 

BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (World Urban Forum 13 – WUF13) ölkəmiz üçün yalnız bir beynəlxalq tədbir deyil, həm də strateji əhəmiyyət daşıyan qlobal bir hadisə kimi dəyərləndirilir. 

“Hamı üçün yaşayış məkanları: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu ətrafında keçirilən forum dünya ölkələrindən gələn dövlət rəsmilərini, şəhərsalma və memarlıq sahəsində ixtisaslaşmış beynəlxalq ekspertləri, tədqiqatçıları və müxtəlif təşkilatların nümayəndələrini bir araya gətirir. 

Burada əsas məqsəd sürətlə dəyişən urban mühitdə şəhərlərin daha dayanıqlı, inklüziv və yaşana bilən modellər üzrə inkişaf etdirilməsi yollarının müzakirə olunmasıdır. Müasir dövrdə şəhərlərin qarşısında duran problemlər – sürətli urbanizasiya, əhali artımı, ekoloji tarazlığın qorunması, infrastrukturun dayanıqlılığı və sosial bərabərliyin təmin edilməsi kimi məsələlər bu forumun əsas müzakirə mövzularını təşkil edir. 

WUF13 məhz bu çağırışlara cavab axtarmaq, yeni yanaşmaları paylaşmaq və qlobal təcrübəni bir araya gətirmək baxımından mühüm beynəlxalq dialoq platforması rolunu oynayır. Bu forum həm də Azərbaycanın beynəlxalq tərəfdaşlıqlarını genişləndirməsi, yeni əməkdaşlıq imkanlarının yaradılması və şəhərsalma sahəsində innovativ ideyaların ölkəyə gətirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. 

WUF13-ün Bakıda keçirilməsi ölkəmizin qlobal urban inkişaf proseslərində söz sahibinə çevrildiyini bir daha nümayiş etdirir və Azərbaycanın gələcək şəhər modelinin beynəlxalq standartlara uyğun şəkildə formalaşdığını göstərir. 

“Cebheinfo.az”-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva xatırladıb ki, mayın 17-dən etibarən Bakı daha bir mühüm beynəlxalq tədbirə ev sahibliyi edir: 

"BMT-nin Məskunlaşma Proqramı – UN-Habitat və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə keçirilən World Urban Forum 13 dünyanın urbanizasiya, şəhərsalma və dayanıqlı inkişaf sahəsində ən nüfuzlu platformalarından biri hesab olunur. “Hər kəs üçün yaşayış yerləri: 

təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu ətrafında təşkil edilən forum, qlobal şəhərsalma gündəliyinin əsas prioritetlərini müzakirə etmək baxımından xüsusi əhəmiyyət daşıyır. WUF13-ün Azərbaycanda keçirilməsi ilk növbədə ölkəmizin beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş imicinin göstəricisidir. 

Belə mötəbər tədbirlərin ev sahibi ölkəsi olmaq yalnız texniki və təşkilati imkanlarla bağlı deyil. Bu, həm də beynəlxalq təşkilatların həmin dövlətə olan siyasi etimadını, təhlükəsizlik və sabitlik mühitini, eləcə də qlobal əməkdaşlıq proseslərində oynadığı rolu ifadə edir. 

Azərbaycanın son illərdə COP29, Türk Dövlətləri Təşkilatının zirvə görüşləri, Qoşulmama Hərəkatı çərçivəsində keçirilən tədbirlər və digər beynəlxalq platformalarda fəal iştirakı ölkənin diplomatik çəkisinin artdığını göstərir. WUF13 də bu prosesin məntiqi davamı kimi qiymətləndirilməlidir". 

Deputatın sözlərinə görə, forumun Bakıda keçirilməsi həm də Azərbaycanın şəhər inkişaf sahəsində qazandığı təcrübənin beynəlxalq səviyyədə diqqət çəkməsinin nəticəsidir: 

"Son illərdə paytaxt Bakıda həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, yeni yaşayış kompleksləri, nəqliyyat sisteminin modernləşdirilməsi, yaşıl zonaların genişləndirilməsi və “Ağıllı şəhər” konsepsiyasına keçid istiqamətində atılan addımlar şəhərin müasir şəhər idarəetmə modelinə çevrilməsinə səbəb olub. 

Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri beynəlxalq ekspertlər tərəfindən maraqla izlənilir. Bu baxımdan, WUF13 Azərbaycanın öz təcrübəsini dünyaya təqdim etməsi üçün mühüm platformadır. 

Tədbirin digər mühüm tərəfi isə onun geosiyasi və iqtisadi əhəmiyyətidir. Dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərinin, şəhərsalma üzrə ekspertlərin, investorların və beynəlxalq təşkilat nümayəndələrinin Bakıya gəlməsi Azərbaycanın regional əməkdaşlıq imkanlarını genişləndirir. 

Forum çərçivəsində yeni tərəfdaşlıqların qurulması, şəhərsalma və infrastruktur layihələrinə investisiya imkanlarının müzakirəsi ölkə iqtisadiyyatı üçün də əlavə perspektivlər yaradır". O vurğulayıb ki, WUF13 həmçinin Azərbaycanın yumşaq güc siyasətinin mühüm elementlərindən biri kimi çıxış edir: " Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzu yalnız siyasi və hərbi amillərlə deyil, həm də beynəlxalq tədbirlərə ev sahibliyi, qlobal problemlərin həllində iştirak etmək və dialoq platformaları yaratmaq bacarığı ilə ölçülür. 

Bakı artıq uzun illərdir ki, müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi mühüm mərkəzə çevrilib. Bu isə şəhərin qlobal şəhərlər şəbəkəsində mövqeyini gücləndirir". Deputat vurğulayıb ki, digər tərəfdən, forumun əsas mövzusu olan dayanıqlı şəhərlər və təhlükəsiz yaşayış məskənləri məsələsi hazırkı dövrdə xüsusi aktuallıq daşıyır: 

"İqlim dəyişiklikləri, sürətli urbanizasiya, miqrasiya və sosial bərabərsizlik kimi problemlər dünya şəhərləri qarşısında yeni çağırışlar yaradır. Belə bir şəraitdə Bakının bu müzakirələrin keçirildiyi mərkəzə çevrilməsi Azərbaycanın qlobal problemlərin həllinə töhfə vermək istəyinin göstəricisidir. 

WUF13-ün Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun artdığını, qlobal əməkdaşlıq platformalarında fəal rol oynadığını və urban inkişaf sahəsində nümunəvi təcrübə formalaşdırdığını göstərir.

Bakı bu forum vasitəsilə yalnız ev sahibi şəhər kimi deyil, həm də müasir urbanizasiya modelini təqdim edən regional mərkəz kimi çıxış edir. Bu isə Azərbaycanın beynəlxalq arenadakı mövqeyini daha da gücləndirən mühüm strateji hadisədir". 

Gülər Həsənli 
"Cebheinfo.az"