Rəfail Becanov: “Konstitusiya dəyişmədikcə, hər hansı müqavilənin...”

“Paşinyan Albaniyada bizim İctimai Televiziyaya müsahibəsində Ermənistan Konstitusiyası ilə bağlı növbəti yalanını söylədi”.
Bunu "Cümhuriyyət" qəzeti və "Cebhe.info" Xəbər Portalının rəhbəri, siyasi şərhçi Rəfail Becanov deyib.
O bildirib ki, Nikol Paşinyan ATƏT-in Minsk Qrupu ilə bağlı da növbəti aldadıcı vədi ilə hamını çaşdırmağa çalışdı:
“Hər iki yanaşma Ermənistanın sülhdən yayınmasının aşkar təzahürüdür. Onun dilindən səslənən sülh ritorikası isə məsuliyyətdən yayınmaq cəhdidir. Bu tip açıqlamlarla həm də məsuliyyəti Azərbaycanın üzərinə qoymağa çalışır.
Bütün dünya Ermənistanı hazırda qüvvədə olan konstitusiyaya istinad edərək müstəqil dövlət kimi tanıyır. Həmin konstitusiyada isə Azərbaycana və Türkiyəyə ərazi iddiaları konkretdir. Ona görə də bu konstitusiya dəyişmədikcə, hər hansı müqavilənin heç bir əhəmiyyəti olmayacaq”.
Rəfail Becanov qeyd edib ki, konstitusiyanı dəyişməməklə bağlı Paşinyanın israrı gələcəkdə Ermənistanı haqlı, Azərbaycan və Türkiyəni isə beynəlxalq aləmdə haqsız tərəf durumunda göstərməyə hesablanır:
“Bu günün zəif Ermənistanı nə vaxtsa, revanşa ümid edir və bu səbəbdən də dəyişikliyə getmək istəmir. Bununla regionda olan sabitliyi də hədəfə almış olur.
Əslində, beynəlxaq aləm Ermənistandan real sülh addımları atılmasını tələb etməlidir. Real sülh isə Ermənistanın Azərbaycanın tələblərinə əməl etməsindən keçir”.
“Cebheinfo.az”