Məğlub ölkənin lideri manipulyasiya etməyə çalışır

“Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın İctimai Televiziyasına müsahibəsi zamanı onda “məğlubiyyət sindromu” hiss olunurdu”.
Bu sözləri Milli Məclisin deputatı Elnarə Akimova “Cebheinfo.az”-a açıqlamasında deyib.O bildirib ki, bu, bir daha Azərbaycanın hərbi-diplomatik gücünün təzahürü idi:
“Bu, Paşinyanın timsalında aydın görünürdü. O, məğlub ölkənin lideri kimi müsahibə verirdi. Lakin buna baxmayaraq, ermənilik xislətindən də əl çəkmirdi. Çünki ermənilər heç bir halda obyektiv və dürüst olmurlar.
Paşinyan müsahibə zamanı ikibaşlı və altqatı olan fikirlər səsləndirdi. O, sülh müqaviləsinin imzalanması ilə eyni vaxtda ATƏT-in Minsk Qrupunun buraxılmasının tərəfdarı olduğunu bildirir”.
Lakin millət vəkili diqqətə çatdırıb ki, rəsmi Bakının sülh müqaviləsinin imzalanması üçün haqlı şərtləri var:
“O şərtlərdən biri də Ermənistanın Konstitusiyasının dəyişməsidir. Hərçənd ki, Paşinyan konstitusiyada dəyişiklik etmək fikirlərinin olmadığını söyləyir. Hətta Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının olmadığını deyir.
Halbuki Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının olduğu bariz faktdır. Biz də həmin ərazi iddialarına görə, konstitusiyanın dəyişməsini təklif edirik”.
Deputat Paşinyanın “Azərbyacan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiları var” fikrinə də təpki göstərib:
“Azərbaycanın Ermənistana qarşı ərazi iddialarının olduğunu demək absurddur. Çünki Azərbaycanın heç bir ölkəyə qarşı ərazi iddiasının olmadığı aydın məsələdir. Biz hər zaman öz ərazilərimizə sahib çıxmışıq, sadəcə işğal olunan torpaqlarımız uğrunda savaşaraq qalib gəlmişik. İndi isə qalib ölkə olmağımıza rəğmən, sülh müqaviləsinin imzalanmasını təklif edirik”.
Elnarə Akimova onu da vurğulayıb ki, Paşinyan manipulyasiya etməyə çalışır:
“Ermənistanın Baş naziri dürüst ola bilmir. O, bir tərəfdən sülh müqaviləsini imzalamağa hazır olduğunu deyir, digər tərəfdən isə konstitusiyanın dəyişməyəcəyini bəyan edir.
Görünür, Paşinyan ictimaiyyət arasında çaşqınlıq yaratmağa çalışır. Ümumiyyətlə, rəsmi İrəvan konstitusiyanı dəyişməməklə sülh müqaviləsindən yayınır. Müəyyən qüvvələrin təsiri nəticəsində Ermənistan müxtəlif bəhanələrlə prosesi uzadır.
Ancaq bizim əsas tələblərimiz arasında Ermənistan Konstitusiyasının dəyişilməsi və ATƏT-in Minsk Qrupunun buraxılması var. Onlar olmayacağı təqdirdə, sülh müqaviləsi necə imzalanacaq? Bütün bunlar Paşinyanın açıqlamalarının ikibaşlı və riyakar olduğunu deməyə əsas verir”.
Elmir Mustafa
“Cebheinfo.az”