Öcalanın aqibəti, PKK ilə bağlı atılacaq addımlar - AK Partinin deputatı ilə MÜSAHİBƏ

“Cebheinfo.az”-ın “Türk Söhbəti” layihəsinin buhəftəki qonağı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) deputatı Orhan Erdemdir.
Onunla terror qruplaşması PKK-nın özünü ləğv edərək silahı buraxması qərarı ilə bağlı danışdıq. Həmçinin, bundan sonra nələr olacağı, Türkiyə hökumətinin atacağı addımlar və gündəmdəki iddialar ətrafında da söhbət etdik:
- Orhan bəy, PKK terror qruplaşmasının özünü ləğv edərək silahı buraxmasını necə dəyərləndirirsiniz? Artıq PKK-nın və Türkiyədə terrorun tamamilə bitəcəyini deyə bilərik?
- Biz PKK-nın və terrorun tamamilə bitməsini istəyirik. Artıq bu yolda çox önəmli və tarixi bir addım atılıb. Ancaq prosesin davamını və qərarlılığı görmək lazımdır. İllərdir Türkiyədə terrorun bitməsini istəyən dostlarımız olduğu kimi, davam etməsini istəyən xarici qüvvələr də var. Lakin bu dəfə atılan addımın çox mühüm olduğunu düşünürük.
Üstəlik, proses qısa zaman ərzində ərsəyə gəlməyib. Son 10 ildə Ədalət və İnkişaf Partiyasının (AK Parti) terrora qarşı atdığı addımlar olub. 2016-cı ildən etibarən sərhəddənkənar əməliyyatlarla terroru başladığı yerdə bitirmək üçün həm beynəlxalq diplomatiya yürüdülüb, həm də türk əsgəri, polisi, Milli Kəşfiyyat Təşkilatı (MİT) koordinasiyalı şəkildə daxildə və xaricdə çalışıb. Çünki təkbaşına çalışmalarla bu prosesi aparmaq mümkün deyil.
- PKK-nı bu qərarı verməyə əsas nələr vadar etdi?
- Türkiyə özünün terrorla mübarizəsində PUA-ları, kəşfiyyat vasitələri və hərbi texnikaları ilə çox önəmli gücə çatdı. Texnologiyadakı inkişafın da prosesə ciddi töhfəsi oldu. Həmçinin, MİT xaricdə bir çox yerdə uğurlu nöqtə əməliyyatları həyata keçirməklə terror təşkilatının idarə edənlərini yerindəcə yox etdi. Sosioloji olaraq da PKK artıq bitmə nöqtəsinə gəlib çatdı.
Bundan başqa, hökumətin yatırımlarında güney-şərq əsla əskik buraxılmadı. Həmin bölgələrdə yollar çəkildi, hava limanları və universitetlər tikildi. Xalq artıq oradakı sabitliyi gördükcə PKK-dan narahat olmağa başladı. İnsanlar 40 illik PKK zülmündən qurtulmaq istədilər. Belə bir şəraitdə terror qruplaşması ölkə daxilində üzv və dəstəkçi tapmaqda çətinlik çəkdi.
Təbii ki, Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının bu məsələni gündəmə gətirməsi və Prezident Rəcəb Tayyib Ərdoğanın başından bəri prosesə dəstək verməsi də çox mühüm idi. Bunların hər birinin “Terrorsuz Türkiyə” prosesinə və PKK-nın verdiyi qərara təsirləri oldu. Bütün bunlar PKK-nın tarixi qərarı üçün zəmin yaratdı. Artıq “Terrorsuz Türkiyə” yolunda atılan addımların nəticə verməsini istəyirik. Bunun üçün həm dua edəcəyik, həm də əlimizdən gələni etməyə çalışacağıq.
- PKK-nın hökumət qarşısında müəyyən tələbləri var. Rəsmi Ankara tərəfindən onlara hansı cavab veriləcək? Bundan sonra nələr olacaq?
- Prosesin əvvəlindən bəri PKK-nın hansısa tələbi qəbul edilməyib. Lakin Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) bu barədə tələbləri olduğunu bilirik. Nəticədə, bir sülh şəraitinə addım atılacaq. Türkiyə Böyük Millət Məclisi (TBMM) də üzərinə düşən vəzifəni icra edəcək. Eyni zamanda, “Cümhur İttifaqı” da prosesə əlindən gələn töhfəni verəcək. Yetər ki, xalqı narahat edəcək məsələlər tələb olunmasın. Bu istiqamətdə prosesləri izləyəcəyik.
- PKK terror qruplaşmasının həbsdə olan lideri Abdullah Öcalanın təcridinin aradan qaldırılması və hətta sərbəst buraxılması kimi məsələlər də zaman-zaman gündəmə gətirilir. Ümumiyyətlə, belə ehtimal var?
- İmralı heyəti Abdullah Öcalanla aparılan danışıqların hamısını cəmiyyətə açıqlayıb. Orada Abdullah Öcalanın belə bir tələbinin olmadığı görünür. Onun sərbəst buraxılması gündəmdə deyil. Bu istiqamətdə fərqli gözləntilərin olmayacağını söyləmək istəyirəm. Bəlkə həbs şəraiti ilə bağlı müəyyən müsbət addımlar atıla bilər. Bununla bağlı müzakirələr olacaq. Zamanla yanına başqa məhkumların göndərilməsi, görüş imkanlarının yaradılması kimi fərqli gəlişmələr yaşana bilər.
- Terrorçular silahlarını tam olaraq hara təhvil verəcəklər? Silah buraxaraq təslim olan terrorçuların aqibəti necə olacaq?
- Demək olar ki, Türkiyənin daxilində terrorçu qalmayıb. Böyük bir mübarizə nəticəsində daxildəki terrorçular məhv edilib. Xaricdə olan terrorçuların isə böyük əksəriyyətinin Türkiyədə cinayət əməlləri yoxdur. Onların başqa ölkələrə getməsinə şərait yaradıla bilər. Silahların təslim edilməsi də çox vacib məsələdir. Bununla aidiyyəti qurumlar məşğul olacaq və silahların hara təslim olunacağı qarşıdakı günlərdə dəqiqləşəcək.
- Bəziləri PKK-nın vaxt qazanmaq və ya başqa məqsədlər üçün bu qərarı verdiyini iddia edirlər. Bu iddialar haqqında nə düşünürsünüz?
- Onların niyyətini zaman göstərəcək. İndiyə kimi bu istiqamətdə bir çox addım atılıb. Yaxın tarixdə dəfələrlə belə addım atılacağına dair müzakirələr gedib. Məsələn, 10-12 il əvvəl bir proses başlamışdı, lakin sonra PKK terror törədərək prosesi pozdu.
Yəni, PKK təkbaşına deyil, xaricdə dəstəkçiləri olan bir təşkilatdır. Hansı ölkə Türkiyəyə qarşıdırsa, PKK-nı maddi və hərbi cəhətdən dəstəkləyir. Lakin artıq bu terror təşkilatının hansısa imkanı qalmayıb. Nəzərə almaq lazımdır ki, bu dəfə PKK-nın xaricdəki qolları da prosesə dəstək verir. Ona görə də bu dəfə prosesin müsbət yekunlaşacağını ümid edirəm.
- Maraqlıdır, kürdlərin muxtariyyət iddiasından tamamilə vaz keçdiyini düşünürsünüz?
- Bəli, artıq bu iddialarından vaz keçiblər. Belə bir düşüncə əvvəldən yanlış idi. Türkiyə bütün xalqları ilə bir bütündür. Heç bir zaman kürd qardaşlarımızın belə bir gerçək tələbi olmayıb. Türkiyədə kürd problemi yoxdur, terror problemi var. Amma Türkiyənin düşmənləri bunu önə çıxararaq ölkəmizi geri çəkmək istəyirdilər. Məhz onların dəstəyi ilə bir terror qruplaşması minlərlə insanımızı şəhid edib. Çox böyük maddi və mənəvi itkilərimiz oldu.
Bu gün Türkiyədə hər hansısa muxtariyyətdən və ya bölünmədən söhbət gedə bilməz. İstanbulda və ya İzmirdə cənub-şərqdən daha çox kürd yaşayır. Yəni, qardaş millətlərdən bəhs edirik. Belə bir şeyin mümkün olmayacağını əvvəl də, indi də bilirlər.
Düzdür, zamanında səhv addımlar atılıb, əskiklər var idi. Ancaq AK Parti iqtidarı dönəmində problemlər həll edilib. Hazırda ölkəmizdə kürd dilində telekanallar var. Həmçinin, kürdlərlə və kürd dili ilə bağlı yüzlərlə addım atılıb. Ümumiyyətlə, muxtariyyət boş xəyal idi.
- Hər bir halda, bu prosesidən qazanan Türkiyə olacaq. Tarixi uğurun memarı olaraq da Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ön plana çıxır.
- Bu proses qısa müddət ərzində hazırlanmayıb. Uzun illərdir qərarlı şəkildə bu istiqamətdə addımlar atılır. Son 10 ildir terorru bitirmək və PKK-nın xariclə bağlantılarını kəsmək üçün əməliyyatlar həyata keçirildi. Nəticədə, proses bura qədər gəldi. Dövlət Baxçalının bu məsələdəki çıxışı da qərarlı duruşa daha böyük bir dəstək verdi.
“Cümhur İttifaqı” birlik-bərabərlik içərisində prosesi idarə edir. Türkiyənin ən önəmli məsələsini də iki böyük lider Rəcəb Tayyib Ərdoğan və Dövlət Baxçalı nəticəyə çatdıracaq. Terrorun bitməsi Türkiyənin daha güclü olmasına səbəb olacaq.
Elmir Mustafa
“Cebheinfo.az”