Azərbaycanda təhsil sistemi: "Boş qapıya mən də qol vururam, Messi də"

Azərbaycanda təhsil sistemi: "Boş qapıya mən də qol vururam, Messi də"

Ölkədə təhsil sistemində aktual olan mövzulardan biri də ali təhsil müəssisələrinə qəbul imtahanlarının çətin olması ilə bağlıdır. 

Bununla yanaşı, mütəxəssislər onu da vurğulayır ki, bir çox dünya ölkələrində ali məktəblərə qəbul imkanları asan olsa da, universiteti bitirmək o qədər də asan deyil.  Ancaq bu da bir faktdır ki, Azərbaycanda ali məktəbə qəbul olan tələbələrin təxminən 90 faizi diplom alır. 

Universitetdən xaric edilmə isə daha çox  tələbənin davamiyyətsizliyi, ali təhsildən imtina etməsi, təhsil haqqının ödənilməməsi kimi amillərlə bağlı olur. Xarici ölkələrin, məsələn, qonşu Türkiyə universitetlərinin əksəriyyətində tələbə ancaq akademik tələbləri tam ödədikdə məzun ola bilər. Əks halda, uzun illər diplom əldə edə bilmir. Bugünlərdə mətbuata müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev də bu məsələyə aydınlıq gətirib. 

Repetitorluğun bu qədər geniş vüsət almasının səbəbini izah edən nazir deyib ki, bunun kökünü ali təhsilə qəbul sistemində və Azərbaycan cəmiyyətinin ali təhsilli olmağın dəyərinə baxışında axtarmaq lazımdır: 

“Biz qəbul etməliyik ki, bu gün hər bir şagirdin qarşısında bir məqsəd dayanır: o ya ali təhsil müəssisəsinə qəbul olmalıdır, ya da hesab edir ki, başqa yaxşı yolu yoxdur.  Zaman etibarilə həlli harada görürəm? Mənə görə, ali təhsil sadəcə təhsilin növbəti pilləsidir. Kim istəyirsə, ali təhsil ala bilməlidir. 

Ali təhsilə qəbul çətin olmamalıdır, ali təhsili bitirmək çətin olmalıdır. Bizdə ali təhsili bitirmə ehtimalı 85-90 faizdən yuxarıdır. Yəni qəbul olunmusansa, demək olar ki, mütləq bitirəcəksən. 

Məhz bu 90 faizlik göstərici bizi daha çox narahat etməlidir. Mühəndis olmaq rahat proses olmamalıdır. Dünyanın heç bir yerində yaxşı mühəndis olmaq üçün rahat yol yoxdur”.  

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi  ali məktəbə qəbulu asanlaşdırmağı düşünmür, çünki bu zaman hamının universitetə daxil olacağı, onların da hamısının diplom alacağını düşünür.

Elm və təhsil naziri isə “universiteti bitirmək çətin olmalıdır” qənaətindədir.  Bunun üçün hər iki qurum bu istiqamətdə birgə tədbirlər görməli deyilmi ki,  gəm qəbul asan, həm də bitirmək çətin olsun?

Məsələ ilə bağlı təhsil üzrə ekspert Rizvan Fikrətoğlu "Cebheinfo.az'"-a bildirib ki, Azərbaycanda repetitorluğu yaradan şərait var: 

“Çünki imtahan formatı var.  Şagird 11-ci sinifdə oxuyursa və ona 5-7-ci sinif dərsliklərindən sual verilirsə, o, həmin mövzunu unutmuş olur və istər-istəməz repetitor yanına getməlidir. Məktəblərdə dərslərin keyfiyyətinin aşağı olması, dərsliklərdə olan problemlər bütövlükdə repetitorluğu yaradır. 

Eyni zamanda, əgər bir hal kütləviləşirsə, yəni “Birinin övladı repetitor yanına gedirsə, mənim uşağım niyə getmir?” fikri qeyri-zərurətdən də yarana bilir. Ancaq qəbul sistemi elə formada qurulub, suallar abituriyentlərə elə formada təqdim  olunur ki, repetitorluğu  ölkədə  şərait yaranır. 

Ümumiyyətlə, nazirin də qeyd etdiyi kimi “mütləq ali təhsil olmalıdır” fikri olmamalıdır, əgər şəxsin bilik və bacarığı ali məktəbi ödəmirsə, onu peşəyə, sənətə yönətmək olar. Mən də nazirin fikri ilə tam razıyam ki, bizdə ali məktəbbə qəbul olmaq çətin olmamalı, ancaq bitirmək çətin olmalıdır.

 Yəni təhsili başa vurmaq asan başa gəlməməlidir.ə". Ekspert deyib ki, “Qəbul asanlaşarsa hamı məktəbə daxil olacaq” fikri də yalnışdır:

"Çünki plan yeri var. Sadəcə sualların çox asan olması başqa bir problem yaradır. Savadlı ilə savadsızı tam ayırd edə bilmirsən. Məsələn, boş bir qapıya Messi də top vurur, mən də vururam,  top qapıdan keçir. 

O zaman mənim Messidən fərqim nə olur?   Halbuki Messi futbol üzrə dünya ulduzudur. Yəni sualların çox asan olması da bəzi problemlər yaradır”.

Nigar Abdullayeva
“Cebheinfo.az”