“Özünəqulluq bacarıqlarının formalaşdırılması” adlı təlim keçirilib
“Çıraq” Uşaq və Yeniyetmələrə Dəstək ictimai birliyi 1 may tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əqli gerilik və davranış pozuntularından əziyyət çəkən uşaqlara psixoloji dəstəyin göstərilməsi” adlı layihənin icrasına başlamışdı.
Layihənin məqsədi əqli gerilik və davranış pozuntuları müşahidə olunan uşaqlara psixoloji dəstəyin göstərilməsidir. 18-22 iyun tarixində layihəyə cəlb olunan uşaqların hər birinə fərdi şəkildə psixoloq Ceyla Məmmədli tərəfindən “Özünəqulluq bacarıqlarının formalaşdırılması” adlı təlim keçirilib.
Keçirilən təlim zamanı layihdə iştirak edən 15 uşaqla özünəqulluq bacarıqlarının inkişaf etdirilməsi və gündəlik həyat fəaliyyətlərində müstəqilliyin artırılmasına yönəlmiş korreksiyaedici və inkişafetdirici məşğələlər təşkil olunub. Təlimin əsas məqsədi uşaqlarda şəxsi gigiyena qaydalarına əməl etmə, gündəlik ehtiyaclarını mümkün qədər müstəqil şəkildə yerinə yetirmə, ardıcıl fəaliyyət qurma və özünə xidmət bacarıqlarının formalaşdırılması olub.
Məşğələ çərçivəsində düymə bağlama, fermuar açıb-bağlama kimi incə motor bacarıqları ilə əlaqəli çalışmalar, yemək zamanı qaşıq, çəngəl və digər vasitələrdən düzgün istifadə etmə, şəxsi əşyaları toplama və yerinə qoyma, gündəlik rutinlərin ardıcıllığını öyrənmə tipli çalışmalar tətbiq edilmişdir. Bütün bu metodikalar:
- özünəxidmət bacarıqları,
- şəxsi gigiyena vərdişləri,
- gündəlik fəaliyyətlərdə müstəqillik,
- ardıcıllıq qurma,
- məsuliyyət hissinin formalaşması,
- əşyaları düzgün istifadə etmə,
- qaydalara əməl etmə,
- müstəqil qərar vermə və fəaliyyəti tamamlama bacarıqlarının inkişaf etdirilməsinə yönəlmişdi.
Təlim müddətində bəzi uşaqlarda fəaliyyət ardıcıllığını saxlamaqda, tapşırıqları müstəqil yerinə yetirməkdə və yeni vərdişləri tətbiq etməkdə çətinliklər müşahidə edilmişdi. Bununla yanaşı, təkrarlanan praktik məşğələlər və vizual dəstək vasitələri uşaqların fəaliyyəti daha yaxşı mənimsəməsinə müsbət təsir göstərmişdi.
Bununla yanaşı, oyun əsaslı fəaliyyətlər və qrup şəklində tapşırıqlar uşaqların sosial qarşılıqlı əlaqəyə daha aktiv qoşulmasına müsbət təsir göstərir.Layihədə uşaqların sosiallaşmasını təmin etmək məqsədi ilə qrup halında təlimlərin təşkili onların indi və gələcək həyatına müsbət edəcək. Bu üzdən layihəyə cəlb olunmuş təlimçi tərəfindən uşaqlara müxtəlif mövzuları əhatə edən təlimlər keçirilir. 18-22 iyun tarixində uşaqlara təlimçi Həbibova Məryəm tərəfindən “Heyvanlar aləmi” haqqında qrup halında təlim keçirilib.
Layihəyə cəlb olunan 15 uşaq yaş səviyyəsi və sosial bacarıqlarına görə II qrupa bölünmüş və hər qrupda olan uşaqlara mövzu tədris olunub. Uşaqlara heyvanlar aləminin müxtəlifliyi, onların quruluşu və həyat fəaliyyəti, yaşadıqları mühitlə əlaqəsi haqda məlumat verilib. Hər 2 mütəxəssis tərəfindən valideynlərə tövsiyələr verilib.
"Cebheinfo.az"

