Ət üzərindəki möhürlə bağlı AQTA nə deyir? - RƏSMİ
Azərbaycanda satışa çıxarılan ət məhsullarının üzərindəki baytarlıq möhürü istehlakçılar üçün həmin məhsulun yoxlanıldığını və istifadəyə yararlı olduğunu göstərən əsas göstəricilərdən biri hesab olunur.
Lakin son günlər bu möhürlərin vurulmasında istifadə edilən boyanın tərkibi ilə bağlı iddialar ictimai müzakirələrə səbəb olub.
Hüquq müdafiəçisi Sahib Məmmədov sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə bəzi rayonlarda ətlərin üzərinə vurulan möhürlər üçün xüsusi qida boyası əvəzinə kimyəvi məhlullardan istifadə olunduğu barədə məlumatlar aldığını bildirib.
Onun sözlərinə görə, həmin boya ətin üzərindən asanlıqla təmizlənmir, hətta bəzi hallarda qaynama zamanı suyun rəngini dəyişdiyi iddia olunur.
Sahib Məmmədov qeyd edib ki, əgər bu məlumatlar doğrudursa, məsələ ciddi araşdırılmalı və ictimaiyyətə aydın izah verilməlidir.
Ətin üzərinə vurulan baytarlıq möhüründə istifadə olunan boya insan sağlamlığı üçün təhlükəlidirmi?
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Mətbuat xidmətindən "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq bildirilib ki, baytarlıq möhüründə istifadə olunan boya istehlakçılar üçün hər hansı əlavə sağlamlıq riski yaratmır:
"Beynəlxalq baytarlıq təcrübəsində, o cümlədən Avropa ölkələrində ətin markalanması üçün adi çap, poliqrafiya və ya ofis möhür mürəkkəblərindən deyil, qida məhsulları üçün nəzərdə tutulmuş boyalardan istifadə olunur.
Ölkəmizdə də tətbiq edilən bu yanaşma qida təhlükəsizliyi sahəsində tələblərə cavab verir və istehlakçılar üçün hər hansı əlavə sağlamlıq riski yaratmır.
Əksinə, baytarlıq möhürünün mövcudluğu həmin ətin baytarlıq-sanitariya ekspertizasından keçdiyini, insan istehlakı üçün yararlı hesab edildiyini və rəsmi nəzarət prosedurlarının həyata keçirildiyini təsdiq edir".
Gülər Həsənli
"Cebheinfo.az"

