AK sədri İordaniya kralı ilə Qəzzadakı vəziyyəti müzakirə edib

AK sədri İordaniya kralı ilə Qəzzadakı vəziyyəti müzakirə edib

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen İordaniya kralı II Abdullahla telefon danışığında Qəzza sektorunda humanitar vəziyyətin pisləşməsini müzakirə edib.

Bu barədə AK-nın mətbuat xidməti məlumat yayıb.

"İsrailin Qəzza zolağında mülki infrastrukturu, o cümlədən köçkün Fələstin ailələri üçün sığınacağa çevrilən məktəbi hədəf alan hərbi əməliyyatların genişləndirilməsi, nəticədə uşaqlar da daxil olmaqla mülki şəxslərin ölməsi çox pisdir", - fon der Lyayen bildirib.

O, İsrailin 11 həftədir davam edən sərt blokadanı aradan qaldırması ilə bağlı Avropa İttifaqının çağırışını təkrarlayıb.

"Avropa Komissiyası həmişə İsrailin təhlükəsizlik və özünümüdafiə hüququnu dəstəkləyib və dəstəkləyəcək, lakin bu eskalasiyaya və mülki şəxslərə qarşı qeyri-mütənasib güc tətbiqinə humanitar və beynəlxalq hüquqla haqq qazandırıla bilməz", - AK sədri deyib.

Onun sözlərinə görə, İsrail BMT və digər beynəlxalq humanitar tərəfdaşların iştirakı ilə humanitar prinsiplərə uyğun olaraq yardımın çatdırılmasını dərhal bərpa etməlidir.

Fon der Lyayen Aİ-nin bütün girovların şərtsiz azad edilməsi, atəşkəsə qayıdış və irimiqyaslı humanitar yardımın çatdırılmasını nəzərdə tutan mövqeyini təsdiqləyib. O vurğulayıb ki, bunlar hərbi əməliyyatların tam dayandırılması və HƏMAS-ın tərksilah edilməsinə yol açmaq üçün vacib addımlardır.

AK sədri, həmçinin İordan çayının Qərb sahilində vəziyyətin pisləşməsi məsələsini qaldırıb.

"Avropanın iki dövlətli həllə əsaslanan ədalətli, hərtərəfli və davamlı sülhə sadiqliyi sarsılmazdır", - o qeyd edib.

Tərəflər mart ayında Qahirə sammitində ərəb dövlətlərinin təsdiqlədiyi Qəzzanın bərpası və inkişafı planına dəstəklərini təsdiqləyiblər.

"Cebheinfo.az"