Avrasiya məkanında Azərbaycanın əsas ROLU

“Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Macarıstanın ev sahibliyi ilə keçirilən qeyri-rəsmi Zirvə görüşü həm siyasi, həm mədəni, həm də geostrateji baxımdan mühüm əhəmiyyət kəsb edir”.
Bu sözləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Cebheinfo.az”-a açıqlamasında deyib.
O bildirib ki, Avropadan bütün dünyaya verilən bu güclü və rəmzi mesaj türk dövlətləri arasında birliyin, ortaq dəyərlərin və həmrəyliyin yüksələn xətlə inkişaf etdiyinin göstəricisidir:
“Dövlət başçıları görüş çərçivəsində siyasi və iqtisadi məsələləri müzakirə etməklə yanaşı, ortaq tarix, mədəniyyət və dil birliyi ətrafında formalaşan dərin mənəvi bağları da xüsusi olaraq diqqətə çatdırdılar.
Bu kontekstdə, cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bunun bariz nümunəsidir. Dövlət rəhbərimizin çıxışı Azərbaycanın iqtisadi potensialını, strateji təşəbbüslərini və regional əməkdaşlıqdakı rolunu bir daha nümayiş etdirdi”.
Millət vəkili vurğulayıb ki, Prezidentin səsləndirdiyi fikirlər ölkəmizin təkcə Cənubi Qafqazda deyil, eyni zamanda Avrasiya məkanında iqtisadi və logistika baxımından əsas aktorlardan birinə çevrildiyinin təsdiqidir:
“Azərbaycan bu gün sabit siyasi mühitə, güclü iqtisadiyyata və inkişaf etmiş nəqliyyat-kommunikasiya infrastrukturuna malikdir.Çinlə Avropanı birləşdirən və Azərbaycandan keçən mühüm tranzit maşurtu olan Orta Dəhliz regionun gələcəyində həlledici rol oynayır. Azərbaycan bu layihənin əsas iştirakçılarından biri kimi öz üzərinə düşən öhtəlikləri uğurla icra edir”.
O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, tikilən aeroportlar və digər logistik mərkəzlər ölkəmizin tranzit imkanlarını dəfələrlə artırıb:
“Bu isə təkcə Azərbaycan üçün deyil, bütün türk dünyasına yeni imkanlar vəd edir. Beləliklə, cənab Prezident İlham Əliyevin zirvə görüşündə səsləndirdiyi fikirlər təkcə Azərbaycanın deyil, eyni zamanda Türk Dövlətləri Təşkilatının gələcək inkişaf istiqamətlərini müəyyən etmiş oldu”.
Elmir Mustafa
“Cebheinfo.az”