“Putin Türkiyəyə gəlmir, çünki...” - Türkiyəli professorla MÜSAHİBƏ

“Cebheinfo.az”-ın “Türk Söhbəti” layihəsinin 26-cı bölüm qonağı Türkiyənin Batman Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin professoru Yusuf Çınardır.
Onunla Rusiya ilə Ukrayna nümayəndə heyətləri arasında İstanbulda aparılan danışıqlarla yanaşı, Vladimir Putin-Volodimir Zelenski görüşünün baş tutma ehtimalı barədə danışdıq. Həmçinin, Putinin Türkiyəyə səfər etməməsinin səbəbləri və Hindistan-Pakistan toqquşması da müzakirə etdiyimiz mövzular sırasında olub:
- Yusuf bəy, ötən həftə 3 ildən sonra İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüş keçirildi. Müzakirələrin müsbət nəticə verəcəyini düşünürsünüz?
- Rusiya-Ukrayna müharibəsinin təkcə regional deyil, qlobal təsirləri də var. Türkiyə isə müharibənin əvvəllindən etibarən tərəflər arasında vasitəçilik edir. Məsələn, rəsmi Ankaranın səyləri nəticəsində daha əvvəl dünya taxıl böhranından xilas oldu. Türkiyə indi də o dönəmdə olduğu kimi, real nəticə əldə etməyə çalışır.
Nəzərə almaq lazımdır ki, diplomatik baxımdan Avropa ölkələri arasında Rusiya ilə danışıqlara apara bilən yeganə ölkə məhz Türkiyədir. Ankara həm Qərblə balanslı siyasət aparır, həm də Rusiya və Çin kimi ölkələrlə əlaqələrini davam etdirir.
Bu diplomatik həmlələrin nəticəsində ölkəmiz Moskva ilə Kiyev arasında danışıqların aparıla biləcəyi məkan səviyyəsinə gəlib. Aparılan müzakirələr fonunda nəticənin əldə olunub-olunmayacağını isə indidən demək mümkün deyil. Çünki Kreml əvvəlcə razılaşmaq, sonra atəşkəsə getmək istəyir. Ukrayna isə “əvvəlcə atəşkəs, sonra müzakirə” deyir.
- Mövcud vəziyyətdə Türkiyə başqa hansı addımları atmalıdır?
- Türkiyə iki fərqli tələbə baxmayaraq, tərəfləri müzakirə masasında gətirərək həll yolu tapmağa çalışır. Lakin real nəticənin əldə olunması üçün zamana ehtiyac var. Düşünürəm ki, bu prosesdə Türkiyənin oynadığı rolu oynaya biləcək, habelə həm Avropa İttifaqı, həm də ABŞ ilə yaxşı münasibətləri olan başqa bir dövlət yoxdur. Bu səbəbdən rəsmi Ankaranın sülh üçün atdığı bu addım dünya tarixinə keçəcək qədər əhəmiyyətlidir.
Bəlkə Rusiya Prezidenti Vladimir Putinin gələcəkdə atacağı addımlar prosesin irəliləməsinə təkan verə bilər. Lakin Kreml əvvəlcə Ukraynanın bəzi məsələləri müzakirə etmədən tələblərini qəbul etməsini istəyir. Rusiya Ukraynanın gələcəkdə təhdid olmasını indidən əngəlləməyə çalışır. Görünən odur ki, Kiyev tələbləri qəbul etmədən Moskva güzəştə getməyəcək.
- Ukrayna lideri Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putini İstanbulda danışıqlara dəvət etdi. Lakin Putin bu dəvəti qəbul etmədi və İstanbula getmədi. Sizcə, Putin nə üçün İstanbula getmədi?
- Putin bir növ şahmat oyunçusudur. Müzakirələr başda olmaqla, bəzi qərar veriləcək məsələlərin məhz Rusiyaya yaxın ölkələrdə olmasını istəyir. Bəlkə İstanbulda xarici işlər nazirləri hansısa məsələlər barədə razılıq əldə edə bilərlər, amma sonrakı görüş üçün böyük ehtimalla, Rusiyanın keçmişdən bağı olan başqa bir ölkəni seçərlər.
Türkiyə Rusiya və Ukraynaya eyni şəkildə yanaşır. Putin isə görüşün keçirildiyi ölkənin Rusiyanın mənfəətlərini qorumasını istəyir. Ancaq rəsmi Ankara bu addımı atmayaraq, hər iki ölkə ilə balanslı siyasət aparmağa davam edir. Putin də bunu bildiyi üçün Türkiyəyə səfər etmir. Belə bir səfərin yaxın perspektivdə olacağını zənn etmirəm.
Ümumiyyətlə, Ukrayna ilə aparılan danışıqlarda Rusiyanın tələbləri qəbul edilmədən və atəşkəs elan olunmadan Putinin müzakirələrə qatılacağını düşünmürəm. O, sadəcə real nəticə əldə olunandan sonra müqavilə imzalamaq üçün görüşə qatılar. Hərçənd ki, müqavilənin imzalanması üçün seçiləcək ölkə də Türkiyə olmaz.
- Əslində, daha əvvəl müxtəlif zamanlarda Vladimir Putinin Türkiyəyə səfər edəcəyi açıqlanıb. Lakin sonradan bu səfərlər təxirə salınıb. Nəticədə, Rusiya lideri çox uzun müddətdir Türkiyəyə səfər etmir. Maraqlıdır, Putin nəyə görə Türkiyəyə getmək istəmir?
- Düşünürəm ki, burada bir çox səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, prezidentlərin proqramları çox məşğul olur. Üstəlik, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə rusiyalı həmkarı Vladimir Putinin münasibətləri çox yaxşıdır. Ona görə də Putinin uzun müddətdir ölkəmizə gəlməməsinin hansısa xüsusi səbəbi olduğuna inanmıram.
Putinin daha çox Rusiyaya yaxın ölkələrə səfər etməyə üstünlük verdiyi də bir reallıqdır. Türkiyə NATO üzvüdür, Avropa İttifaqının üzvlüyə namizədidir. Yəni, Qərblə münasibətləri çox yaxşıdır. Bəlkə də Putin qlobal mesaj verməmək üçün bizə gəlmir. Türkiyə hələ də simvolik olaraq Qərbin təhlükəsizlik sisteminə daxildir. Lakin bu, Ankaranın Moskva ilə yaxşı münasibətlər qurması üçün əngəl deyil.
- Fikrinizcə, yaxın zamanda Putin-Zelenski görüşü baş tuta bilər?
- Bu ehtimalın yüksək olduğunu düşünmürəm. Çünki Rusiya hələ də Ukraynanı öz təhlükəsizliyinə təhdid olaraq görür. Bu təhdid ortadan qalxmadan Putinin masaya oturacağını zənn etmirəm. Düzdür, Tramp Ukrayna müharibəsinin bitirilməsi ilə bağlı seçki vədini yerinə yetirmək üçün müzakirələrin davam etdirilməsinə çalışır.
Ancaq buna baxmayaraq, Putinin masadan istəklərini almadan prosesin müsbət nəticə vermə ehtimalı sıfıra bərabərdir. Hətta proses Zelenskinin bəzi şərtləri qəbul etməsi ilə də başa çatmayacaq. Ona görə ki, Rusiyanı sanksiyalarla da dayandırmaq mümkün deyil. Əgər sanksiyalar effektiv olsaydı, Moskva indiyə kimi güzəştə gedərdi. Deməli, Kreml təzyiq və ya sanksiya ilə güzəştə getməyəcək. Putin bu günə qədər geri addım atmayıbsa, bundan sonra da atmaz.
- Rəsmi Moskva israrla işğal etdiyi ərazilərin öz torpağı kimi tanınmasını tələb edir. Zaman-zaman ABŞ-dən də bu yöndə bəzi açıqlamalar eşidirik. Xüsusilə Krımla bağlı bu addımın atıla biləcəyi deyilir. Necə düşünürsünüz, Ukrayna Krım və ya işğal olunan bəzi ərazilərindən vaz keçə bilər?
- Zamanında Avropa İttifaqı və ABŞ tərəfindən Rusiyanın təcavüzkar siyasətinə qarşı kifayət qədər addım atılsaydı, bu gün Krım rus işğalına məruz qalmaz, eləcə də Ukraynada müharibə başlamazdı. Fəqət həm Avropa İttifaqı, həm də ABŞ prosesi yubatmağa çalışdı. Nəticədə, Rusiyanın işğalçılıq əməllərinə əngəl ola bilmədilər.
Hesab edirəm ki, Ukraynanın Krımı və ya digər işğal olunan əraziləri Rusiya torpağı kimi tanıması mümkün deyil. Əgər Kiyev hakimiyyəti zamanında bu addımı atsaydı, müharibə başlamaz və bu qədər insan ölməzdi. İndi isə bu addımı atmaq birmənalı qarşılanmaz. Ümumiyyətlə, heç bir dövlət müharibədə itirdiyi torpağından könüllü olaraq vaz keçməz.
- Zelenski Krımı Rusiya ərazisi kimi tanımağa məcbur qala bilər?
- Zelenski hansısa şərtlər daxilində buna məcbur qala bilər. Hətta Qara dəniz ölkələri də artıq müəyyən mənada Krımı Rusiya ərazi kimi qəbul ediblər. Sadəcə bunu rəsmi şəkildə elan etməyiblər. Reallıq da ondan ibarətdir ki, hazırda Rusiyanı Krımdan çıxara biləcək yeganə güc ABŞ-dir. ABŞ isə bu riski alaraq Ukrayna üçün savaşa girməyəcək. ABŞ Prezidenti Donald Tramp özü də bunu dəfələrlə ifadə edib.
- Yaxın zamanın ən gözlənilməz toqquşması isə Hindistan və Pakistan arasında yaşandı. Hindistanla Pakistan arasında qısa müddət ərzində yaşananları necə qiymətləndirirsiniz? Hindistan nə etməyə çalışdı və niyə geri çəkilmək məcburiyyətində qaldı?
- Hindistanla Pakistan arasındakı toqquşmanı çoxqütblü dünyanın nəticəsi kimi qiymətləndirə bilərik. Artıq bölgədə təsirli olan dövlətlər daha çox həmlələr edirlər. Bu yolla bir növ öz güclərini müəyyən etməyə çalışırlar.
Xatırlayaq ki, 19 sentyabr 1960-cı ildə Hindistanla Pakistan arasında Hind çayı barədə razılaşması imzalanıb. Müqaviləyə əsasən, çaylardakı su istifadəsinin 30 faizi Hindistana, 70 faizi isə Pakistana verilib. Amma Hindistan çayların keçdiyi yerlərdə barajlar inşa etdi. Bəzən suyun qarşısını kəsərək Pakistanı susuz qoydu, bəzən də sular altında saxladı.
Yəni, rəsmi Dehli hazırda keçmiş problemlərini gündəmə gətirərək, onları hərbi yolla öz xeyrinə həll etməyə çalışır. Üstəlik, Hindistanla Pakistan arasında keçmişdən indiyə kimi çox ciddi problemlər var. Qarşıdakı dönəmdə də tərəflər arasında tez-tez gərginlik olacağını düşünürəm. Bu isə dünya üçün mənfi nəticələr verə bilər. Ona görə ki, hər iki dövlət silahlanma və müdafiə sənayelərinə çox ciddi həmlələr ediblər. Əlbəttə ki, bu da tərəflər arasındakı gərginliyin irəliləyən zamanlarda daha çox artacağını deməyə əsas verir.
- Bu müharibədə Pakistanın qələbə qazandığını deyə bilərik?
- Artıq dünyada yeni müdafiə sistemi yaranır. Məsələn, ABŞ-nin bir çox dövlətlə birgə istehsal etdiyi “F-35” qırıcı təyyarələri böyük büdcəyə rəğmən, yaxşı nəticə vermədi. Daha dəqiq desək, “F-16” kimi istiqrarlı ola bilmədi. Yeni dönəmdə dronlar və pilotsuz uçuş aparatları (PUA) xeyli inkişaf edib.
Bu fərqi Hindistan-Pakistan toqquşmasında daha yaxşı gördük. Belə ki, Hindistanın istifadə etdiyi raketlər çox ağır və baha idi. Lakin Pakistanın istifadə etdiyi dronlar raketlərin qarşısında çox yaxşı nəticələr əldə etdi. Pakistan Hindistanla müqayisədə kiçik büdcə ilə daha böyük uğura imza atdı.
Göründüyü kimi, artıq müharibələr dəyişib. Paksitanın addımları həm də çəkindirici effekt verdi. Əgər onlar bu şəkildə cavab verə bilməsəydilər, Hindistan belə tez geri addım atmazdı. Buna görə də Pakistan mənəvi cəhətdən də Hindistan qarşısında üstünlük əldə etdi. Bəli, bu, Pakistan üçün zəfər sayıla bilər.
Elmir Mustafa
“Cebheinfo.az”