Hakan Fidan Ərdoğanın məktubunu Putinə çatdırıb

Hakan Fidan Ərdoğanın məktubunu Putinə çatdırıb

Moskvada işgüzar səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın salamlarını və mesajını çatdırdığını bildirib.

AZƏRTAC xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə danışıqlar zamanı türkiyəli nazir bəyan edib ki, Ankara və Moskva ikitərəfli münasibətlərin uzun tarixi sayəsində regionda sabitliyi təmin etməkdə davam edirlər.

S.Lavrov, öz növbəsində, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında birbaşa danışıqların təşkilində göstərdiyi köməyə görə Türkiyə tərəfinə minnətdarlığını bildirib. “Əlbəttə, Vladimir Putinin dediyi kimi, biz Türkiyənin Rusiya və Ukrayna nümayəndə heyətləri arasında birbaşa danışıqların növbəti mərhələsi üçün verdiyi imkanları bir daha yüksək qiymətləndiririk”, - deyə o vurğulayıb.

Rusiyalı nazir onu da qeyd edib ki, Rusiya ilə Türkiyə arasında iqtisadi-ticari sahədə əməkdaşlıq sabit dinamikasını qoruyur. “Ticarət və investisiya əməkdaşlığımız davamlı şəkildə inkişaf edir”, - deyə o əlavə edib.

"Cebheinfo.az"