Ölümcül istiyə görə qəribə QADAĞA
Fransanı və Avropanın böyük hissəsini cənginə alan ölümcül isti hava dalğası səbəbindən Parisdəki xəstəxanalar tam gücü ilə işləyir və imkanlarının son həddinə çatıb.
Təcili yardım şöbələrindəki sıxlığı azaltmaq məqsədilə şəhər daxilindəki ictimai yerlərdə alkoqol qəbulu və qablaşdırılmış alkoqollu içkilərin satışı müvəqqəti olaraq qadağan edilib.
"Cebheinfo.az" xəbər verir ki, Parisin polis müdiri Patris For paytaxt xəstəxanalarının doluluq nisbətinin pik həddə çatdığını bildirib. Xəstəxanalara yerləşdirilənlərin sayındakı artımın qarşısını almaq üçün yeni tədbirlərin qaçılmaz olduğunu vurğulayan For səhiyyə sistemi üzərindəki təzyiqi təcili olaraq azaltmağa məcbur olduqlarını deyib. Fransanın səhiyyə naziri Stefani Rist də Parisdəki təcili yardım xidmətlərinin son 24 saat ərzində normadan dörd dəfə çox infarkt hadisəsi qeydə aldığını, bu xəstələr arasında gənclərin də olduğunu açıqlayıb.
Cümə günü günorta saatlarından başlayacaq açıq havada alkoqol qəbulu qadağası ertəsi günün səhər saatlarına qədər davam edəcək və həftəsonu boyunca eyni saatlarda təkrarlanacaq. Sözügedən məhdudiyyət açıq oturma sahəsi (terası) olan restoran və kafelərə şamil edilməyəcək. Mağazalardan qablaşdırılmış alkoqol satışı isə axşam saatlarından səhərin ilk şəfəqlərinə qədər tamamilə dayandırılacaq. Şəhər rəhbərliyi iki milyon Paris sakininin bu çətin prosesin öhdəsindən gələ bilməsi üçün məktəbləri tətilə buraxmaq və parkları gün boyu açıq saxlamaq kimi əlavə tədbirlər də görüb. Parisdə hava temperaturunun iyun ayı rekordunu təzələyərək 41 dərəcəyə yaxınlaşması həyatı iflic etmə nöqtəsinə gətirib.
İstilər səbəbindən Eyfel qülləsi və Luvr muzeyi kimi dünyaca məşhur turizm məkanlarının iş saatları qısaldılıb, ölkə əhalisinin böyük hissəsini əhatə edən 44 milyondan çox insan üçün isə ən yüksək səviyyə olan "qırmızı həyəcan" siqnalı verilib. Çay sularının həddindən artıq qızmasının qarşısını almaq məqsədilə ölkədə fəaliyyət göstərən iki nüvə reaktorunun işi dayandırılıb. Meteorologiya rəsmiləri bürüzlü istilərin növbəti günlərdə də təsirini davam etdirəcəyini təxmin edirlər.
Nigar Hacılı
"Cebheinfo.az"

