Başqasının həyatı niyə maraq doğurur?

Başqasının həyatı niyə maraq doğurur?

İnsanların bir-birinin həyatına maraq göstərməsi cəmiyyətin təbii xüsusiyyətlərindən biri hesab olunur.

Lakin bəzən bu maraq sadə diqqətdən çıxaraq şəxsi sərhədləri aşan müdaxiləyə çevrilir. Kiminsə evlilik qərarı, geyimi, övlad böyütmə tərzi və ya həyat seçimi haqqında davamlı fikir bildirmək bir çox insan üçün adi davranış kimi görünsə də, bunun arxasında müxtəlif psixoloji və sosial səbəblər dayanır.

Bəzi insanlar başqalarının həyatını müzakirə etməklə özlərini daha güvənli hiss edir, bəziləri isə nəzarət etmə ehtiyacı səbəbindən başqalarının qərarlarına təsir göstərməyə çalışır.

Cəmiyyətin gözləntiləri, ailə dəyərləri və “hamı belə etməlidir” düşüncəsi də insanların bir-birinə müdaxilə etməsində rol oynaya bilər.

Bəs insanlar niyə başqalarının şəxsi seçimlərini özlərinə aid məsələ kimi qəbul edir? 

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov “Cebheinfo.az”-a bildirib ki, insanların başqalarının həyatına qarışması çox vaxt maraq deyil, daxili boşluğun simptomudur:


“İnsan öz həyatında qərar verməkdən, məsuliyyət daşımaqdan, nəticələrlə üzləşməkdən çəkinəndə diqqətini başqasına yönəldir. Başqasının həyatını düşünmək rahatdır. Çünki orada səhv etmək riski yoxdur. Orada insan özünü hakim kimi hiss edir, amma heç bir yük daşımır. Bu, passiv qaçış formasıdır.

Bu davranışın arxasında güclü nəzarət ehtiyacı dayanır. İnsan öz həyatını idarə edə bilməyəndə başqasının həyatına müdaxilə edərək bu boşluğu doldurmağa çalışır. Bu zaman o, özünü daha düzgün, daha ağıllı, daha təcrübəli kimi görmək istəyir.

Başqasının qərarlarına qiymət vermək əslində özünü təsdiqləmək cəhdidir. Bu, açıq şəkildə psixoloji kompensasiyadır. Başqalarının şəxsi qərarlarına qarışmaq bir növ sahiblənmədir. İnsan qarşı tərəfi müstəqil fərd kimi yox, yönləndirilməli obyekt kimi görür. Bu yanaşma çox vaxt ailədən gələn köhnə modellərin davamıdır. 

İnsanlar öyrəşib ki, başqasının həyatına müdaxilə etmək normaldır. Evlilik, geyim, həyat tərzi kimi mövzular üzərində bu nəzarət daha sərt şəkildə özünü göstərir. Bu, qayğı deyil, sərhəd pozuntusudur.

İnsan icazə verdiyi qədər onun həyatına daxil olurlar. Sərhədi olmayan insan həmişə müdaxiləyə açıq olur. Sərhəd qoymaq bacarmayan insan ya idarə olunur, ya da başqasını idarə etməyə çalışır.

Çünki hər iki halda məsuliyyət paylaşılır və ya ötürülür. Azadlıq isə məsuliyyət tələb edir və hamı buna hazır deyil. Bəzi insanlar idarə olunmağı seçir. Bu seçim rahatlıq gətirir, çünki qərar vermək yükündən azad edir. Digərləri isə müdaxiləni qəbul etmir və sərhədlərini qoruyur. Bu artıq psixoloji yetkinlik məsələsidir”.

Psixoloq qeyd edib ki, insan ya öz həyatını qurur, ya da başqasının həyatında rol oynayır.

Aişə Abdulova
“Cebheinfo.az”