Məhərrəmlikdə toy edən də, etməyən də haqlıdır?
Məhərrəm ayı müsəlmanlar üçün xüsusi əhəmiyyət daşıyan aylardan biri hesab olunur.
Məhz bu ayla bağlı ən çox müzakirə olunan mövzulardan biri isə toy və şənlik mərasimlərinin keçirilib-keçirilməməsidir.
Bir qisim insanlar Məhərrəm ayında bu cür tədbirlərin təşkilini düzgün hesab etməyərək bunu dini baxımdan yolverilməz sayır, digərləri isə belə bir qadağanın İslamın əsas mənbələrində açıq şəkildə yer almadığını bildirir.
Fərqli baxışların mövcudluğu isə ənənə, din və müasir sosial həyat arasındakı sərhədləri yenidən gündəmə gətirir.
Məhərrəmlikdə toy, nişan etmək dini baxımdan necə qiymətləndirilir?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında ilahiyyatçı Tural İrfan bildirib ki, Məhərrəm ayında toy etməməklə bağlı hökm yoxdur:

“İslam dinində matəm anlayışı yoxdur. Nə Qurani-Kərimdə, nə də Həzrəti Muhəmməd peyğəmbərin (s) buyurduqlarında matəm anlayışı keçmir. Sadəcə, vəfat edən insan üçün 3 gün yas saxlamaq tövsiyə olunur, o da dəfn proseslərinin həyata keçirilməsi üçündür.
Şəxsin statusundan asılı olmayaraq, istər peyğəmbər (s), istər imam olsun, yaxud da ölüm hadisəsinin fərdi və ya kollektiv olması fərq etmir. İslamın yarandığı dövrdə Həzrəti Muhəmməd peyğəmbərin (s) ilk savaşlarında müsəlmanların kütləvi şəkildə şəhid olması halları olub.
Peyğəmbərin (s) yaxın adamları, Əhli-beyt (“ev əhli”) üzvləri də vəfat edib. Hətta peyğəmbərin (s) 6 övladı və yaxınları belə vəfat edib, lakin onların heç birində Həzrəti Muhəmməd peyğəmbər (s) matəm saxlamayıb.
Həmin vaxtlarda xeyir işlər də həyata keçirilib. Dində Məhərrəmlik ayında toy və nişan etmək qadağan deyil. Əksinə, Həzrəti Muhəmməd peyğəmbərin (s) bir çox hədislərində xeyir işə tələsmək buyurulur”.
Onun sözlərinə görə, belə bir adət formalaşıb ki, bu ayda xeyir iş etmək olmaz:
“Bu, tamamilə dinin əksinədir. Müsəlman ümmətinin sayını azaltmaq üçün nikah və nişan, əqd məsələlərini təxirə salmaq məqsədilə fars uydurması kimi dəyərləndirilir. Bu ənənə bizə Səfəvilər dövründə keçib.
Səfəvilərə qədər Azərbaycanda Məhərrəm ayı, bu gün Türkiyədəki ələvilər kimi, sazla, səmah və yallı ilə qeyd olunub. Sonra bu prosesə siyasət qarışıb və zəncir vurmaq, sinə döymək, qara bağlamaq, ələm gəzdirmək kimi ənənələr formalaşıb.
Heç vaxt savadlı və ziyalı insanlar bu kimi xurafata müsbət yanaşmayıblar. Amma qeyd edənləri nəzərə alaraq, Aşura günü çalğılı toy etmək ədəbə uyğun olmaz. Hərçənd ki, İslamda belə bir qadağa olmasa da, belə bir yanaşma mövcuddur.
Ona görə yaxşı olar ki, ehtiram göstərilsin. Bəziləri Məhərrəm ayında baş verən bədbəxt hadisələri gətirib ona bağlayırlar ki, guya kimsə toy etdi, kimsə xeyir iş gördü və buna görə bu hadisələr baş verdi”.
O qeyd edib ki, anmaq və xatırlamaq başqadır, mövsümü matəmə çevirmək isə fərqli bir şeydir:
“Qondarma ayinləri İslam dininə daxil etmək, istər tarixi əsaslı olsun, istər olmasın, dini xurafatlarla qarışdıraraq onun mahiyyətindən uzaqlaşdırır.
Hesab edirəm ki, əsas olan Qurandır və Qurana əsaslanmaq lazımdır. Amma o ki qaldı artıq ölkəmizdə formalaşmış yanaşmaya, bu adət-ənənələr keçirilir. İmam Hüseynin (ə) xatirəsi baxımından Aşura günündə şənlik formasında olan toy və tədbirlərin keçirilməsi etik normalara uyğun deyil.
Təbii ki, bunun dini cəhətdən qadağası yoxdur, lakin bir ay bütövlükdə insanları bu cür məsələlərdən məhrum etmək İslam dininin və İmam Hüseyn (ə) ənənəsinin əleyhinədir. Məhərrəm ayı İslam təqviminin ilk ayıdır. Ona görə də başladığımız ayı bədliklə, matəmlə və özünə işgəncə verməklə keçirmək dinə ziddir”.
Gülər Həsənli
“Cebheinfo.az”


