Müəmmalı ölüm: Putinin sevgilisindən yazan jurnalistin sonu

Müəmmalı ölüm: Putinin sevgilisindən yazan jurnalistin sonu

Rusiya Prezidenti Vladimir Putinlə keçmiş Olimpiya çempionu Alina Kabaeva arasındakı münasibəti ilk dəfə ictimaiyyətə açıqlayan jurnalist və tədqiqatçı Qriqori Nexoroşev Latviyanın paytaxtı Riqada 69 yaşında vəfat edib.

“Cebheinfo.az” xəbər verir ki, son 11 ildə Riqada siyasi mühacir kimi yaşayan və yaxın ətrafına daim zəhərlənməkdən qorxduğunu bildirən Nexoroşevin zəhərli göbələk yedikdən sonra öldüyü iddia olunur. Onun ölümü ilə bağlı araşdırma aparılır.

Nexoroşev 2008-ci ildə baş redaktoru olduğu qəzetdə dərc olunan məqalə ilə beynəlxalq şöhrət qazanmışdı. Həmin məqalədə Vladimir Putinin Olimpiya çempionu gimnast Alina Kabaeva ilə münasibətdə olduğu və o dövrdəki həyat yoldaşı Lyudmila Putindən boşanacağı iddia edilirdi.

Məqalə böyük ajiotaj doğurmuş, qəzet qısa müddət sonra bağlanmışdı. Bildirilir ki, Nexoroşev bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən dəfələrlə dindirilib.

Jurnalistin sonradan ölkəni tərk etməyə məcbur olduğu və illərdir Latviyada siyasi qaçqın kimi yaşadığı qeyd edilir.

Uzun illər həm Rusiya, həm də Qərb mediasında "Putinin şəxsi düşməni" kimi təqdim olunan Nexoroşevin yaxınlarına tez-tez sui-qəsddən ehtiyat etdiyini söylədiyi bildirilir.

Həmkarları jurnalistin apardığı araşdırmalar səbəbindən hədəfə çevrilə biləcəyindən şübhələndiklərini, onun ölümünü isə qəfil və gözlənilməz hadisə kimi qiymətləndirdiklərini bildiriblər.

Latviyanın "Delfi" xəbər saytı da jurnalistin ölümünü təsdiqləyib. Nəşrin məlumatına görə, Nexoroşev dostlarının bağçasında tapdığı göbələkləri yedikdən sonra özünü pis hiss edib. Qeyd olunur ki, jurnalist göbələk yığmağı və onları yeməyi sevirdi.

Nexoroşevi ölümündən qısa müddət əvvəl görən İqors Vatolins jurnalistin səhhətinin yaxşı olduğunu bildirərək, "O, nə qoca, nə də xəstə idi. Onun çoxlu ideyaları və planları var idi" , - deyib. 

Faciəvi hadisənin iyunun 19-da baş verdiyi bildirilsə də, Latviya hakimiyyəti ölümün dəqiq səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Rəsmilər yarılma və məhkəmə-tibbi ekspertizasının nəticələrini gözləyirlər.

Digər tərəfdən, Putin və Alina Kabaeva illər əvvəl ortaya atılan münasibət iddialarını təkzib etmişdilər. Buna baxmayaraq, onların şəxsi həyatı ilə bağlı fərziyyələr uzun illər həm Rusiya, həm də Qərb mediasında müzakirə mövzusu olaraq qalmaqdadır.

Əfsanə Rəcəb
"Cebheinfo.az"