Azərbaycanda Pakistandan gətirilmiş məhsuldar pambıq sortu əkiləcək

Azərbaycan Pakistandan gətirilmiş 7 yeni pambıq sortunun ölkə şəraitinə uyğunluğunu müəyyənləşdirmək məqsədilə müxtəlif bölgələrdə sınaq əkinləri həyata keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında layihələrin təmsilçisi Nəzakət İsmayılzadə bildirib.
O qeyd edib ki, bu sortlar Sabirabad, İmişli, Samux və digər rayonlarda əkilərək yerli iqlim və torpaq şəraitində müşahidə olunub. Mütəxəssisin sözlərinə görə, Pakistan sortları, xüsusilə də “Super Cotton” adlı pambıq sortu məhsuldarlığı, lif keyfiyyəti, suya qənaətcilliyi, xəstəlik və zərərvericilərə qarşı davamlılığı, eləcə də quraqlıq şəraitinə uyğunlaşma qabiliyyəti ilə seçilib. Bu sort Türkiyəli seleksiyaçı alimlərin iştirakı ilə əldə olunmuş digər sortlarla müqayisəli şəkildə təhlil edilib və üstün cəhətləri aşkar edilib.
N.İsmayılzadənin sözlərinə görə, layihə çərçivəsində sahə seminarları təşkil olunub, beynəlxalq ekspertlər ölkəmizə səfər edərək əkin sahələrinə baxış keçiriblər. Gələcəkdə bu sortun daha geniş ərazilərdə tətbiqi nəzərdə tutulur.
2024-cü ildə Azərbaycanda pambığın əkin sahəsi 102,8 min hektar olub. Əkin sahəsi 2019-cu ilə nisbətən 2,7 %, 2023-cü ilə nisbətən isə 9,7 % artıb. Pambıq Azərbaycanın 20-yə yaxın rayonunda becərilən əsas texniki bitkilərdən sayılır. 2024-cü ildə pambıq istehsalının 91,1%-i 10 rayonun payına düşüb. Əsas istehsalçı rayonlar Saatlı (13,9 %), Ağcabədi (12 %), Sabirabad (10,9 %), Salyan (9,4 %), Bərdə (9,2 %), Beyləqan (9,1 %), Neftçala (8,4 %), Biləsuvar (7,9 %), İmişli (7,1 %), Yevlax (2,9 %) olub.
Ötən il Yevlax, Saatlı, Biləsuvar, Netçala, Beyləqan və İmişli rayonlarında məhsuldarlıq göstəricisi ölkə üzrə orta göstəricidən yüksək olub. 2022-2023-cü illərdə pambığın emal müəssisələrinin 1 kiloqram məhsulun alış qiymətləri 0,67-0,79 manat, 2024-cü ildə isə 0,76-0,78 manat arasında dəyişib.
Ötən il pambıq lifi ixracı əvvəlki ilə nisbətən 70,8 % artaraq 118,5 min ton, pambıq ipliyi ixracı isə 3,2 % artaraq 11,5 min ton olub.
2024-cü ildə ixrac olunmuş pambıq lifinin 86 %-i Türkiyənin, 8,9 %-i Türkmənistanın, 2,6 %-i İranın payına düşüb.
"Cebheinfo.az"