Azərbaycanda qadınlar mətbəxdən perik düşüb - NİYƏ?

Bu gün Sosial Tədqiqatlar Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə "İrəvan xanlığının mətbəxi" kitabının ingilis dili nəşrinin təqdimatı keçirilib.
Təqdimat mərasimində çıxış edən Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü Telli Pənahqızı Azərbaycan mətbəxinin bugünkü vəziyyəti ilə bağlı ciddi narahatlığını ifadə edib.
O bildirib ki, milli mətbəx xalqın yaddaşı və kimliyidir, bu sahəyə münasibətdə məsuliyyətsizlik gələcək nəsillər üçün mədəni boşluq yarada bilər:
“Mətbəx darıxdırıcı və əhəmiyyətsiz sahə deyil. O, millətin ruhudur. Mətbəxi qadınlar yaradır. Təəssüf ki, bu gün qadınlarımızın çoxu mətbəxə girmir, evdə yemək bişirmir. Halbuki bu, təkcə məişət yox, milli mədəniyyət məsələsidir”.
Telli Pənahqızı vurğulayıb ki, milli mətbəximiz zəngin və unikal irsdir, lakin müasir dövrdə bu irsin unudulması prosesi müşahidə olunur:
“Mətbəximiz yavaş-yavaş sıradan çıxır. Biz artıq həyəcan təbili çalmalıyıq. Bu, təkcə kulinariya deyil, mədəniyyətin mühüm hissəsidir. Hər kəs bu barədə düşünməlidir”.
Maraqlıdır, həqiqətənmi Azərbaycan qadınları mətbəxdən uzaqlaşıb və bunun səbəbləri nələrdir? Bu prosesin qarşısını necə almaq olar? Ümumiyyətlə, gənc nəsildə mətbəxə maraq necədir?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin psixoloqu Samirə İsmayılova bildirib ki, müasir dövrdə qadınların mətbəxdən uzaqlaşması sadəcə yemək bişirməmək anlamına gəlmir.
Onun sözlərinə görə, bu, qadının illərlə daşıdığı və ona aid olmayan “yalnız bişirməlisən” roluna etirazıdır:
“Qadın artıq yalnız süfrə açan yox, həm də çalışan, öyrənən, yaradan və paylaşan bir fərd olaraq görünmək istəyir. Əgər qadın özünə qarşı bu münasibəti hiss etmirsə, yəni etdikləri görünmürsə, əməyinə qiymət verilmirsə, mətbəxdə tək və yorğun qalırsa, onda o, təbii olaraq mətbəxdən uzaqlaşır.
Çünki bu zaman bişirmək bir zövq yox, yükləyici borc kimi hiss olunur. Amma bununla yanaşı, bu gün sosial şəbəkələrdə çox gözəl bir dəyişiklik müşahidə edirik. Azərbaycanlı qadınlar öz profillərində səliqə ilə hazırladıqları milli şirniyyatları, yeməkləri paylaşaraq həm zövqlərini, həm də bacarıqlarını ortaya qoyurlar.
Bəziləri bunu hobbi kimi, bəziləri isə artıq kiçik ailə biznesinə çevirərək öz işini qurur. Bu, həm qadının özünüifadə vasitəsidir, həm də mədəniyyətə bağlılıq nümunəsidir”.
Psixoloq, sosial şəbəkələrdə ailəvi şəkildə yemək bişirən cütlüklərin görüntülərinə də münasibət bildirib:
“Digər tərəfdən, sosial şəbəkələrdə ailəvi şəkildə yemək bişirən cütlüklərin görüntüləri də yayılıb. Ər və arvadın birlikdə mətbəxdə olması, kişinin qadının əməyini dəyərləndirməsi qadına pozitiv emosiyalar yaşadır. Onlar birlikdə yemək bişirir, kişi qadının əməyini qiymətləndirir, “dadı damağımda qaldı”, “sən bişirəndə evin ətri də dəyişir”, “əlinin duzu var” kimi sözlərlə onu tərifləyir.
Bu cür yanaşmalar qadını gücləndirir, ona “görünürəm, dəyərliyəm” hissini yaşadır. Qadın bişirməyə yox demir. O, zorla etdiklərinə yox deyir. Əgər mətbəx sevgi, paylaşım, hörmətlə dolu bir yerə çevrilərsə, qadın mətbəxdə yenidən çiçəklənər. Unutmayaq ki, Azərbaycan mətbəxi qədər zəngin olan qadınlarımız da var. Sadəcə, onları dadını itirən məcburiyyətlə deyil, dəyər verilən hisslərlə yanaşmaq lazımdır”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”