Bakıda Avropa Gənc Vəkillər Assosiasiyasının konfransı keçiriləcək - FOTOLAR

Bakıda Avropa Gənc Vəkillər Assosiasiyasının konfransı keçiriləcək - FOTOLAR

Niderlandın paytaxtı Amsterdam şəhərində Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) təşkilatçılığı ilə növbəti beynəlxalq konfrans və adıçəkilən qurumun illik ümumi yığıncağı keçirilib.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının mətbuat xidmətindən verilən məlumata görə, kollegiyanın “Gənc Vəkillər” komitəsinin həmsədri, EYBA-dakı səlahiyyətli nümayəndəsi Yunis Nəsibov həmin tədbirlərə qatılıb.

Konfransda əsas mövzu müasir hüquq problemləri ilə bağlı olub. Tədbirdə iqlim dəyişikliyi və insan hüquqlarına dair mövcud problemlər, hüququn aliliyi prinsipi, incəsənət hüququ və onun gələcək perspektivləri mövzularında müzakirələr aparılıb, çıxışlar edilib. EYBA-nın prezidenti Shannon Gavley assosiasiyanın təşəbbüsü ilə görülən işlər, davam edən layihələr, gələcək planlar barədə məlumat verib, gənc vəkillərin iş prosesində üzləşdikləri problemləri səsləndirib.

Daha sonra çıxış edənlər maarifləndirici məlumatları diqqətə çatdırıblar.

EYBA-nın illik ümumi yığıncağında isə həyata keçirilən layihələr, gələcək planlar və qurumun idarəçiliyi ilə bağlı məsələlər müzakirə olunub. Eyni zamanda, EYBA-nın yeni prezidentinin və İcraiyyə Komitəsinə yeni üzvlərin seçilməsi ilə bağlı seçkilər keçirilib, təşkilatın 2026-cı ildə təşkil ediləcək konfranslarının keçiriləcəyi şəhərlər müəyyən olunub. Səsvermə nəticəsində Chiara Palombi EYBA-nın yeni prezidenti, Yunis Nəsibov isə EYBA-nın İcraiyyə Komitəsinə üzv seçilib. 2026-cı ildə EYBA-nın payız konfransının Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilib.

Tədbir çərçivəsində vəkillər arasında sosial əlaqələrin qurulması, xüsusilə Amsterdamdakı gənc vəkillərin əlaqələrinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb, sosial fəaliyyətlər həyata keçirilib.

"Cebheinfo.az"