Bu gün Azərbaycanda Müstəqillik Günüdür

Bu gün Azərbaycanda Müstəqillik Günüdür

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 107 ildönümüdür.

1918-ci il mayın 28-də Şərqdə ilk dünyəvi  və demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti qurulub. 

44 günlük Vətən müharibəsindən sonra beşinci ildir ki, bu gün bütün Azərbaycan ərazisində qeyd olunur.

1917-ci ilin Fevral inqilabından sonra Çar Rusiyasının süqutu nəticəsində Azərbaycanda da milli azadlıq hərəkatı başlamış və bunun nəticəsində 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) - müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradılıb.

Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində yaranan türk və müsəlman dünyasında ilk dünyəvi, hüquqi, demokratik parlament respublikası idi.

Paytaxtı əvvəlcə Gəncə, sonra Bakı şəhəri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Cənubi Qafqazda azərbaycanlıların bütünlükdə yaşadıqları ərazilər təqribən 150 min kv. km-ə bərabər idi.  AXC Cənubi Qafqazdakı tarixi Azərbaycan torpaqlarının 113,9 min kv. km-ni əhatə edirdi. Əhalisinin sayı 2.8 milyondan çox idi.

AXC hökuməti 1918-ci ilin 28 mayından 16 iyuna qədər Tiflisdə, 16 iyundan 17 sentyabra qədər Gəncədə, 17 sentyabrdan 1920-ci ilin 28 aprelinə qədər isə Bakıda fəaliyyət göstərib.

Azərbaycan Xalq Cümhuriyyəti Paris Sülh Konfransının qərarına əsasən, müstəqil dövlət kimi tanınırdı. Dünyanın bir çox ölkələri ilə səfirlik və nümayəndəlliklər səviyyəsində diplomatik münasibətlər yaratmış, ikitərəfli və çoxtərəfli müqavilələr, sazişlər bağlamışdı.

AXC-nin yaranması ilə bağlı tarixi faktlarda qeyd olunur ki, 1918-ci il may ayının 27-də Zaqafqaziya Seyminin müsəlman fraksiyası yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas çağırdı. Uzun sürən müzakirələrdən sonra müstəqil dövlətin elan edilməsi və onun idarə olunması üçün Milli Şura yaratmaq qərara alındı. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə, İcra Komitəsinin sədri vəzifəsinə isə Fətəli xan Xoyski seçildi.

1918-ci il may ayının 28-də Milli Şuranın birinci iclası keçirildi. İclasda Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edildi.

Beləliklə, 100 ildən artıq fasilədən sonra Azərbaycanın Şərqi və Cənubi Qafqazda milli dövlətçiliyi bərpa olundu. Elə həmin iclasda yeni demokratik dövlətin yaranması faktını hüquqi cəhətdən təsbit edən "Azərbaycanın istiqlaliyyəti haqqında Akt" qəbul edildi

Sonrakı zamanlarda dövlətin digər atributlarının yaradılması ilə bağlı müxtəlif qərarlar qəbul edildi.

1918-ci il noyabrın 9-da M.Ə.Rəsulzadənin təklifi əsasında AXC-nin üçrəngli dövlət bayrağı qəbul edildiib. 

Mürəkkəb və gərgin ictimai-siyasi şəraitdə Xalq Cümhuriyyəti öz mövcudluğunu cəmi 23 ay qoruya bildi.

Bolşevik Rusiyasının işğalı ilə 1920-ci ilin 28 aprelində Xalq Cümhuriyyəti süquta uğradı.

71 il sonra, 1991-ci ildə Sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdi.

Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılıb.

1991-ci ildən 28 May Respublika Günü kimi qeyd edilib.

2021-ci ilin oktyabrın 15-də Milli Məclis “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edib və elə həmin gün bu qanun Prezident İlham Əliyev tərəfindən təsdiqlənib.

Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilib.

Azərbaycanda Müstəqillik Günü qeyri-iş günüdür və hər il bayram kimi qeyd olunur.

"Cebheinfo.az"