Ev alanların DİQQƏTİNƏ: Bu arayış yeni formada veriləcək

Ev alanların DİQQƏTİNƏ: Bu arayış yeni formada veriləcək

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə (İRİA) məxsus “mygov” platformasında yeni istifadəyə verilmiş funksionallıq vasitəsilə vətəndaşlar platformadan əldə etdikləri məhkumluq haqqında arayışı İpoteka və Kredit Zəmanət Fondu (Fond) ilə birbaşa rəqəmsal şəkildə paylaşa bilərlər.

Bu barədə İRİA-dan bildirilib.

Əvvəllər bu arayışı fiziki formada təqdim etmək zəruri idisə, artıq bu proses tamamilə rəqəmsallaşdırılıb. Bununla da satmaq öhdəliyi ilə kirayə mexanizmindən faydalanmaq istəyən vətəndaşların İpoteka və Kredit Zəmanət Fonduna kağız daşıyıcıda təqdim etməli olduğu sənədlərin sayı sıfıra enib.

Məhkumluq haqqında elektron arayışı həm “mygov” veb portalı, həm də mobil tətbiqi vasitəsilə paylaşmaq mümkündür.

Yeni xidmət İpoteka və Kredit Zəmanət Fondu, Daxili İşlər Nazirliyi və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Xidmətin istifadə qaydası aşağıdakı mərhələləri əhatə edir:

  1. “mygov” platformasında “Xidmətlər” bölməsinə daxil olunur.
  2. “Məhkumluq haqqında arayış” seçilir.
  3. “Tarixçə” bölməsindən müvafiq arayışa keçid edilir.
  4. “Paylaş” funksiyası seçilir.
  5. İpoteka və Kredit Zəmanət Fondu seçilir və arayış elektron şəkildə göndərilir.

Əgər vətəndaşın məhkumluq haqqında arayışı “mygov” platformasında mövcud deyilsə, platformadan arayışın əldə olunması üçün müraciət edə bilərlər.

"Cebheinfo.az"