Suriya İsraillə sülh imzalayır - Bəs Fələstin?

Suriya ilə İsrail arasında bu ilin sonuna kimi sülh sazişi imzalana bilər.
"Cebheinfo.az" xəbər verir ki, bu məlumatı İsrail mediası Suriya hakimiyyətinə yaxın mənbəyə istinadən yayıb.
Eyni zamanda, Suriya Prezidenti Əhməd Əl-Şaraa ilə İsrail tərəfi arasında diplomatik kanallar və beynəlxalq təşkilatlar vasitəsilə danışıqların aparıldığına dair məlumatlar yayılıb. Medianın yazdığına görə, təşəbbüs ölkənin cənubunda İsrailin zərbələrinin dayandırılmasına nail olmaq istəyən Suriya liderindən gəlib.
Ərəbdilli İsrail resursu "i24NEWS"-un məlumatına görə, məxfi danışıqlar İsrailin 2024-cü il dekabrın 8-də Bəşər Əsədin devrilməsindən sonra İsrail qoşunlarının işğal olunmuş Suriya ərazilərindən, o cümlədən Hermon dağından (Cəbəl əl-Şeyx) tədricən geri çəkməsinə aiddir. Söhbət 1974-cü il müqaviləsinin şərtlərinə qayıtmaqdan gedir. Tərəflərin əvvəlcə təhlükəsizlik sazişi imzalaması, daha sonra isə Suriyanın İsraillə diplomatik əlaqələr quraraq "İbrahim razılaşması"na qoşulması gözlənilir.
"Ancaq bu prosesin öz qiyməti var. Əvvəla, Colan təpələri məsələsi, görünür, bilərəkdən arxa plana keçir. Bu, o deməkdir ki, saziş imzalansa, Suriya Colan təpələri ilə bağlı iddialarından de-fakto imtina edəcək. İkinci və bəlkə də daha həssas məsələ Fələstindir. Əgər Dəməşq Fələstin problemini həll etmədən İsraillə sülh bağlasa, bu, onun həllini daha da çətinləşdirəcək.
Suriya və Livanın "İbrahim razılaşmaları"na qoşulma ehtimalı ilk dəfə bu ilin martında ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkof tərəfindən səsləndirilib. Bir neçə həftə sonra ABŞ rəsmiləri bu niyyətlərini bir daha təsdiqləyiblər. Hər şey Suriya ilə İsrail arasında normallaşma prosesinin artıq başladığını göstərir.
Buna baxmayaraq, baş verənlərlə bağlı qiymətləndirmələr birmənalı deyil. Suriyanın yeni hökuməti hesab edir ki, İsraillə sülh Qərblə münasibətlərin bərpasına, işğala son qoyulmasına və təhlükəsizliyin təmin olunmasına yol aça bilər. Üstəlik, məlumatlara görə, Vaşinqton Əhməd Əl-Şaraadan siyasi və iqtisadi güzəştlər müqabilində məhz bunu tələb edir.
Amma Misir və İordaniya nümunələrinin göstərdiyi kimi, İsraillə növbəti dostluq Fələstin məsələsində ciddi geriləmə ilə nəticələnə bilər. Daha bir ərəb paytaxtını təmin edən İsrail müstəqil Fələstin dövlətinin yaradılması məsələsində kənar təzyiqləri azaltmaqla əlavə hərbi və diplomatik üstünlük əldə edəcək.
Əhməd Əl-Şaraa ölkəsinin və hökumətinin maraqlarından çıxış etsə belə, son nəticədə Fələstinin mövqeyinə güclü zərbə vuracaq",-məqalədə belə deyilir.
Müşfiq Abdulla
"Cebheinfo.az"