İran XİN Ukraynaya nota verdi

İran XİN Ukraynaya nota verdi

İran Xarici İşlər Nazirliyi İsrailin İrana hücumlarını dəstəklədiyinə görə Ukraynaya etiraz notası verib.

“Cebheinfo.az” Trend-ə istinadla xəbər verir ki, Ukraynanın İrandakı səfirliyinin müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə dəvət olunub.

Görüşdə Ukrayna tərəfinə bildirilib ki, İsrailin İrana hərbi hücumlarını dəstəkləmək BMT nizamnaməsi prinsipləri və Cenevrə konvensiyalarını görməzlikdən gəlmək və İsrailin İrana hücumlarını təsdiqləməkdir.

Görüşdə Ukrayna rəsmisinə ölkəsinin İran əleyhinə təhrikedici mövqeyi ilə əlaqədar xəbərdarlıq edilib.

Ukrayna səfirliyinin müvəqqəti işlər vəkili tez bir zamanda etiraz notasını təmsil etdiyi dövlətə çatdıracağını bildirib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.

Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.

“Cebheinfo.az”