Kimsəsiz uşaqlar sənətlə danışır

Kimsəsiz uşaqlar sənətlə danışır

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyi tərəfindən icrasına başlanılmış “Sənət və duyğu harmoniyasının təbliği” adlı layihə çərçivəsində Gəncə şəhərində, Sosial Xidmətlər Agentliyinin 4 saylı Uşaq Evi Sosial Xidmət müəssisəsində valideyn himayəsindən məhrum olmuş uşaqlarla ilk art-terapiya məqsədli rəsm kursu baş tutdu.

“Duyğulara sənətlə toxunuş” şüarı ilə həyata keçirilən bu sosial layihənin əsas benefisiarları 7-17 yaş arası, 8 nəfər uşaq və yeniyetmələr olacaq. Layihənin rəhbəri “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri Lamiyə İsazadədir. Layihənin psixoloqu “Serotonin” neyropsixoloji mərkəzin psixoloqu Alsu Süleymanova, layihənin rəsm müəllimi, Gəncə Dövlət Universitetinin müəllimi Nəzrin Ağayevadır.

Layihənin ilk təlim günü uşaqlara təsviri sənət haqqında ümumi məlumat verildi. Təlimdə uşaqlara təsviri sənətin mahiyyəti, növləri və insan həyatındakı əhəmiyyəti barədə geniş məlumat təqdim olundu. Onlara rəsm, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət və digər istiqamətlər haqqında əyani və interaktiv formada izahlar verildi. Təlimçi rəsm müəllimi qeyd etdi ki, təsviri sənət sadəcə estetik zövq formalaşdırmaqla kifayətlənmir, həm də uşaqların daxili aləminin üzə çıxarılması və emosional vəziyyətlərinin sabitləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Qeyd edək ki, layihə çərçivəsində təşkil edilən rəsm kursları yalnız bacarıqların inkişafı ilə məhdudlaşmır. Həmçinin art-terapiya metoduna əsaslanan bu proses uşaqların psixoloji gərginliyini azaltmaq, stresslə mübarizə aparmaq və özgüvən hissini gücləndirmək məqsədi daşıyır. Layihəyə cəlb olunmuş peşəkar psixoloq uşaqlarla fərdi və qrup şəklində iş apararaq onların cəmiyyətə inteqrasiyasına dəstək göstərir. Bu mərhələ, layihənin doqquz mövzusundan ilkini təşkil edir və növbəti mərhələlərdə uşaqlara psixoloji dəstək məqsədli və onların bilik və bacarıqlarının daha da genişləndirilməsi istiqamətində praktiki məşğələlər keçiriləcəkdir.

"Cebheinfo.az"