İmtahandan kəsilən müəllimlərin aqibəti necə oldu: “Bizi aldatdılar ki...”

İmtahandan kəsilən müəllimlərin aqibəti necə oldu: “Bizi aldatdılar ki...”

Bir neçə müddətdir ki, musiqi müəllimlərinin attestasiyası keçirilir. 

Mayın 29-dan etibarən Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz, Mil-Muğan və Şirvan-Salyan regionları üzrə xalq çalğı alətləri (tar, kamança, qarmon, nağara, qanun, saz, balaban) və xanəndəlik ixtisaslarının təhsilverənləri üçün attestasiyanın keçirilməsi planlaşdırılır. 

Məlumat üçün bildirək ki, ilk attestasiya zamanı 500-ə yaxın müəllim imtahandan keçə bilməmişdi. Bir qrup müəllim nəticələrə öz etirazını bildirmişdi və hətta bu məqsədlə etiraz aksiyası da keçirmişdi. Etiraz edən müəllimlərin əksəriyyəti haqsız yerə kəsildiklərini iddia edirdilər. 

Mədəniyyət Nazirliyi isə bildirmişdi ki, attestasiyadan keçə bilməyən müəllimlərə iş imkanları yaradılacaq və keçə bilməyən 37 nəfərin işinə xitam verilməyəcək. Eləcə də yaşı 60-dan yuxarı olan təhsilverənlərə də iş imkanları yaradılacaq. Siyahıda sağlamlıq problemi olan müəllimlər də yer alır. Nazirlikdən verilən məlumatda attestasiyada 650 nəfərin yüksək nəticə ilə uğurla keçdiyi, 492 müəllimin isə tutduğu vəzifəyə uyğun hesab edilmədiyi bildirilmişdi. 

Nazirlik qeyd edib ki, əgər hər hansı bir müəllimin səriştəsi komissiya tərəfindən tam yararsız hesab edilibsə və o, 5 mümkün baldan heç birini toplaya bilməyibsə, həmin müəllimin əmək funksiyasına xitam veriləcək. Komissiya üzvləri tərəfindən müsbət göstəriciləri qeyd olunan, lakin 2 lehinə və 3 əleyhinə səs toplamış müəllimlər üçün Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi, Metodik və İxtisasartırma Mərkəzində müvafiq təlimlərin təşkili nəzərdə tutulurdu. 

Xatırladaq ki, mayın 12-də attestasiyanın növbəti mərhələsi keçirilib. İlk gün Bakı və Abşeron-Xızı regionları üzrə əvvəlki mərhələdə üzrlü səbəbdən iştirak edə bilməyən müəllimlərin attestasiyası keçirilib. Bakı və Abşeron-Xızı regionlarının musiqi və incəsənət məktəblərinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə keçirilmiş attestasiyanın nəticələrinə əsasən, 100-dən çox müəllim müvafiq ixtisaslar üzrə təlimlərə cəlb olunub. Onlar müəllimlərin işə qəbulu üzrə test imtahanı və müsahibə mərhələsindən uğurlu nəticə əldə etməklə yenidən məktəblərdə işləyə bilərlər. 

Musiqi müəllimlərinin ilk attestasiyasından keçə bilməyən müəllimlər sırasında olan 13 saylı Musiqi Məktəbinin müəllimi Məhsəti Rəhimova “Cebheinfo.az”-a bildirib ki, Mədəniyyət Nazirliyi tərəfindən müəyyən güzəştlərin olacağı bildirilsə də, heç bir güzəş olmayıb: 

“Şikayətlərə cavab gəlmədi. Müxtəlif qurumlara müraciət etdik. Müəllimləri sakitləşdirmək üçün təlimləri ortaya atılıb. Nəticədə hamı müəllimlərin işə qəbulu imtahanında (MİQ) iştirak etməlidir. Əgər güzəşt tətbiq olunsaydı, mən də indi işimdə olardım. 

İnsanları aldadırlar. MİQ imtahanları da çox çətindir. Mənim sənətim budur, başqa nə iş görüm? Əmək kitabçamı almamışam. Ləkələnmiş kitabça mənə lazım deyil. Artıq Əmək Məcəlləsinin 70 –ci maddəsinin “C” bəndini o kitabçaya vurublar. Mənə “yararsız müəllim” deyərək 19 ilimi hədər etdilər. Depressiyadan xəstəlik tapmışam”. 

O bildirib ki, MİQ imtahanına hazırlaşmır: 

“İkinci dəfə o stressi yaşaya bilmərəm. Anam da mənim kimi işsiz qalıb”. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndi peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə tətbiq edilir. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”