Taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat aparılır

Taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat aparılır

İyunun 30-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi məqsədilə növbəti imtahan təşkil olunacaq.

Bu barədə DİM-dən məlumat verilib. Bildirib ki, imtahan vermək istəyən hazırlıq keçmiş şəxslər ilk növbədə DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalı (kabineti olmayanlar) və müvafiq olaraq aşağıdakı xidmətlər vasitəsilə qeydiyyatdan keçməlidirlər:

1. Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat iyunun 2-si saat 13:00-dan iyunun 20-si saat 12:00-dək aparılacaq.

2. Beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlığı və yenidən hazırlığının qiymətləndirməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat iyunun 2-si saat 13:00-dan iyunun 20-si saat 12:00-dək aparılacaq.

“Şəxsi kabinet”in yaradılması və hesaba lazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlar yuxarıdakı keçidlərə yerləşdirilib.

İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Test imtahanları DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50, o cümlədən taksi sürücüləri üçün DİM-in Gəncə Regional bölməsində) kompüterlər vasitəsilə keçiriləcək. Namizədlər imtahana buraxılış vərəqəsini qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3-4 gün qalmış DİM-in saytından “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsi ilə çap edə biləcəklər.

İmtahanların davametmə müddəti 1 saatdır. İmtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim ediləcəkdir.

"Cebheinfo.az"