İran XİN uranın zənginləşdirilməsinə qoyulan qadağaları “qırmızı xətt” adlandırıb

İran uranın zənginləşdirilməsini davam etdirmək üçün icazə istəməyəcək.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin gələcək saziş çərçivəsində İranın sülhməramlı nüvə proqramından imtina etməsi tələbini şərh edərkən bildirib.
“Bu təklifdə çox qeyri-müəyyənlik var. Yaxın bir neçə gün ərzində lazımi cavabı verəcəyik. Ərazimizdə uranın zənginləşdirilməsi “qırmızı xətt”imizdir. Bu, məncə, bütün ölkələrin dərk etdiyi reallıqdır”, - Əraqçi jurnalistlərə deyib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dünən nüvə proqramı üzrə potensial razılaşmanın İranda uranın zənginləşdirilməsini tamamilə istisna etdiyini söyləyib. “Reuters” iranlı diplomata istinadən yazıb ki, İran bu sazişdən imtina etmək niyyətindədir, çünki bu, Tehranı dinc nüvə proqramı hüququndan məhrum edir. CNN isə xəbər verib ki, belə olduğu təqdirdə bu məsələ ilə bağlı ABŞ-İran danışıqlarının altıncı raundu uğursuzluğa düçar ola bilər.
"Cebheinfo.az"