Polkovnik: “Bu, Rusiya üçün rüsvayçılıqdır”

“Ukraynanın “Hörümçək toru” əməliyyatı Rusiya üçün çox böyük və dərin izi qoyacaq”.
Bu sözləri ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov “Cebheinfo.az”-a açıqlamasında deyib.
O bildirib ki, Ukrayna Rusiyanı 4 min kilometr məsafədə yerləşən hərbi aerodromlarına zərbələr endirib:
“Üstəlik, bu əməliyyat 1,6 ilə hazırlanıb. Çox maraqlıdır ki, bu müddət ərzində Rusiyanın xüsusi xidmət orqanları və kəşfiyyatı ondan xəbər tuta bilməyib. Bu, Rusiyanın dərin böhran içərisində olmasının bariz nümunəsidir.
Bu, Rusiyada çox böyük ajiotaja və panikaya səbəb olub. Prezident Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirib. Yəqin ki, cavabdeh şəxslərdən bir neçəsi cəzalandırılacaq. Hesab edirəm ki, bu, Rusiyanın aviasiyası üçün qara gün oldu. Görünür, Putin bu uğursuzluğu kiminsə ayağına yazmağa çalışacaq. İstanbuldakı görüşdən öncə bunun baş verməsi çoxları üçün gözlənilməz oldu. Çünki Ukrayna bu əməliyyatı çox incəlik və dəqiqliklə hazırlayıb”.
Ekspertin sözlərinə görə, həmin əməliyyat Rusiya Federal Təhlükəsizlik Xidməti binasının yaxınlığında həyata keçirilib:
“Rusiya Federal Təhlükəsizlik Xidməti hər şeyə nəzarət etdiyini deyir. Lakin məhz onların yanında olan yük avtomobillərindəki dronlardan istifadə olunub. Nəticədə, 40-dan çox strateji bombardımançı və erkən xəbərdarlıq təyyarələri sıradan çıxarılıb. Faktiki olaraq, Rusiyanın görən gözü, eşidən qulağı “kontuziya” vəziyyətindədir.
Ötən gün Ukraynanın Təhlükəsizlik Xidmətinin rəhbəri general Vasil Malyuk Prezident Volodimir Zelenski ilə görüşündə A-50, Tu-95 və Tu-22 M3 kimi strateji təyyarələrin əksəriyyətinin sıradan çıxarılması ilə bağlı təkcə məruzə etmirdi, həm də görüntülər təqdim edirdi. Fikrimcə, Zelenski əməliyyata şəxsən özün rəhbərlik etdiyi üçün unikal bir əməliyyat alındı. “Hörümtək toru” əməliyyatı çox yüksək səviyyədə, peşəkarcasına həyata keçirilib”.
Üzeyir Cəfərov Rusiya ilə Ukrayna arasında İstanbulda danışıqların baş tutma ehtimallarından da danışıb:
“Danışıqların formal da olsa, baş tutacağını düşünürəm. Sözsüz ki, tərəflər bir-birlərinə ittihamlar səsləndirəcəklər. Lakin bu, Rusiya üçün ciddi xəbərdarlıqdır. Baş verənlər danışıqlar prosesində də özünü göstərəcək. Rusiyanın danışıqlardan imtina edib-etməyəcəyi yaxın saatlarda bilinəcək.
Ruslar ukraynalıların atəşkəslə bağlı təkliflərini eşidəndə qulaqardına vururdular. Hətta ukraynalılar üçün müqəddəs olan Pasxa bayramını da qara günə çevirdilər. Ümumiyyətlə, bu əməliyyat Rusiya üçün böyük bir rüsvayçılıqdır. Rusiyanın dərinliyində həyata keçirilən strateji-hərbi hava bazalarına zərbə onu deməyə əsas verir ki, Ukrayna heç bir halda zəifləmir. Əksinə, müharibə dayanmayacağı təqdirdə, Ukrayna Rusiyaya qarşı əməliyyatlarda daha yeni metodlardan istifadə edəcək”.
Elmir Mustafa
“Cebheinfo.az”