Rusiyalı ekspertdən etiraf: ““Hörümçək toru” o qədər ciddi hazırlanıb ki...”

Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 1-də həyata keçirilən“Hörümçək toru” əməliyyatı barədə danışaraq onun planlaşdırılmasının 1,6 il çəkdiyini, Ukrayna hərbçilərinin böyük dəqiqlik və peşəkarlıqla işlədiyini vurğulayıb.
Əməliyyata 117 pilotsuz uçuş aparatı cəlb olunaraq Rusiya ərazisindəki dörd hərbi hava bazasına- Ryazan, Murmansk, İrkutsk və İvanovodakı strateji obyektlərə zərbələr endirilib.
Ən maraqlı məqamlardan biri əməliyyatın koordinasiyası Rusiya ərazisinin özündə, Federal Təhlükəsizlik Xidmətinin (FSB) binasına yaxın bir yerdə aparıldımasıdır. Zelenski iddia edir ki, bu hücum nəticəsində Rusiya strateji təyyarələrinin 34 faizi sıradan çıxarılıb.
Bu, sadəcə adi zərbə deyil, nüvə imkanları da daxil olmaqla Rusiyanın strateji gücünə ciddi təsir edən hadisədir. Rusiya Müdafiə Nazirliyi hücumların baş verdiyini təsdiqləsə də, yalnız bəzi bölgələrdə təyyarələrdə yanğın olduğunu, digər aerodromlarda isə hücumların qarşısının alındığını bildirir. Amma Ukrayna tərəfi daha böyük zərbədən danışır və əməliyyatın “tarix kitablarında qalacağını” deyir. Burada əsas sual yaranır:
Rusiya bu əməliyyata necə cavab verəcək? Rusiyalı politoloq, beynəlxalq münaqişələr üzrə mütəxəssis və təhlükəsizlik üzrə ekspert Yevgeni Mixaylov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Ukraynanın Rusiyaya qarşı hücumu nəticəsində guya strateji aviasiyanın 34 faizini itirməsi ilə bağlı yaydığı məlumatlar həqiqəti əks etdirmir.
"Mən bunu tam əminliklə deyə bilərəm. Bu, məqsədli şəkildə danışıqlarda özlərinə əlverişli mövqe formalaşdırmaq üçün şişirdilir. Bir daha qeyd etmək istəyirəm ki, bu, təkcə Rusiya Federasiyası və onun xüsusi xidmət orqanları üçün deyil, ümumilikdə beynəlxalq ictimaiyyət üçün də dərsdir.
Çünki yeni tətbiq olunan taktikalardan – dronlardan istifadə, yeni tipli terror hücumları ilə artıq heç kim tam təhlükəsizlikdə deyil. Pilotsuz uçuş aparatları dövrü başlayır. Bu, hər kəs üçün ciddi dərsdir. Hesab edirəm ki, bu cür hücumdan sonra imkanı olan bütün ölkələr müvafiq təhlükəsizlik tədbirlərini görəcək. Təbii ki, Rusiya da".
Ekspert bildirib ki, Rusiya ərazisində terrorçu "hücrələr" mövcuddur və bunu heç vaxt inkar etməyib:
“Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən idarə olunan və yerləşdirilən bu "hücrələr" bütün gərgin regionlarda olduğu kimi fəaliyyət göstərir. Kəşfiyyat orqanları, və sair bunlar hər yerdə var. Bizim xüsusi xidmət orqanlarımız da bu cür "hücrələrin" çoxunu vaxtında aşkarlayır. Amma “Hörümçək toru” əməliyyatı o qədər ciddi və uzunmüddətli hazırlanıb ki, onu öncədən müəyyən etmək mümkün olmayıb.
Bu əməliyyat xüsusi olaraq gizli şəkildə təşkil olunub. Lakin hər halda bu da bir dərsdir və düşünürəm ki, Rusiya xüsusi xidmət orqanları bundan lazımi nəticələr çıxaracaq”. Bugünkü İstanbul danışıqlarına gəlincə, ekspert hesab edir ki, bu hücumun danışıqlara nəticələrinə heç bir təsiri olmayacaq:
“Rusiya öz mövqeyini dəyişməyəcək. Aydındır ki, bu hücum Rusiya Federasiyasının İstanbulda keçirilən danışıqlarda mövqeyini dəyişmək məqsədi ilə həyata keçirilib. Amma bu baş verməyəcək. Biz nəticə çıxaracağıq, daha sərt işləyəcəyik. Rusiyanın cavabı qaçılmaz və sərt olacaq".
Səbinə Uğur
"Cebheinfo.az"