Beynəlxalq statuslu Laçın Aeroportunda bunlar olacaq - Kapitandan AÇIQLAMA

Beynəlxalq statuslu Laçın Aeroportunda bunlar olacaq - Kapitandan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Laçın Hava Limanına beynəlxalq status verilib. 

Baş nazir Əli Əsədov bununla bağlı Sərəncam imzalayıb. Sərəncamda qeyd edillib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və “Azərbaycan Hava Yolları” QSC-nin razılaşdırılmış təkliflərini nəzərə alaraq, beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən Laçın Hava Limanına beynəlxalq status verilsin. 

Azərbaycan Xarici İşlər Nazirliyinə Laçın Hava Limanına beynəlxalq status verilməsi barədə müvafiq beynəlxalq təşkilatlara məlumat göndərmək tapşırılıb. Beynəlxalq status verilən hava limanı digərlərinə nisbətən hansı üstünlüklərə malikdir? Onun beynəlxalq təhlükəsizliyinə zəmanət verilirmi?

Mövzu ilə bağlı “Cebheinfo.az”a açıqlamasında Airbus 320 Hava Gəmisinin Təlimatçı-Kapitanı Elmar Əliyev bildirib ki, hava limanının beynəlxalq status almasının bir sıra vacib üstünlükləri var və bu, böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, beynəlxalq statuslu hava limanlarında müəyyən beynəlxalq standartlara əməl olunması şərtdir: 

"Sadə ölkədaxili aeroportlarda, yəni beynəlxalq statusa malik olmayan hava limanlarında gömrük və sərhəd nəzarəti olmur. Təhlükəsizlik tələbləri isə daha yüngül səviyyədə tətbiq olunur, çünki burada yalnız ölkədaxili uçuşlar həyata keçirilir. 

Amma beynəlxalq statuslu hava limanlarında bir sıra müəyyən standartlara əməl olunmalıdır. Bu limanlarda gömrük və sərhəd nəzarəti, yüksək səviyyəli təhlükəsizlik tələbləri, sərnişinlərin qarşılanması və qeydiyyatı, pasport yoxlaması və digər beynəlxalq prosedurlar mövcuddur. Beynəlxalq hava limanlarında, həmçinin “duty-free” zonaları fəaliyyət göstərir. Bu zonalar vergidən azad alış-veriş sahələridir və ölkədaxili hava limanlarında bu imkan yoxdur. 

Beynəlxalq hava limanlarına beynəlxalq təhlükəsizlik standartlarına uyğunluq sertifikatı verilir. Həmin hava limanları xarici auditlərin qiymətləndirməsindən keçərək beynəlxalq tanınmış standartlara uyğun olub-olmadığı müəyyənləşdirilir. Bu statusun alınması üçün gömrük zonası, təhlükəsizlik, sərhəd nəzarəti, naviqasiya sistemləri və resursların idarə edilməsi kimi bütün sahələr beynəlxalq normalara uyğunlaşdırılır. Beynəlxalq status bu baxımdan böyük əhəmiyyət daşıyır. Dövlət tərəfindən isə bu statusun verilməsi üçün rəsmi müraciət olunur”. 

O bildirib ki, bir hava limanının beynəlxalq status alması həmin bölgənin turizm və logistikasının inkişafında da mühüm rol oynayır:

“Məlum olduğu kimi, artıq digər şəhərlərimizdə də hava limanlarımız fəaliyyət göstərir. Bu hava limanları helikopter üçün nəzərdə tutulmuşdu”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”