“Bir dəfə dedi ki, anasıgilə getmək üçün yolpulu tapa bilmirdi...”

“Bir dəfə dedi ki, anasıgilə getmək üçün yolpulu tapa bilmirdi...”

 Prezident İlham Əliyevin dünən imzaladığı Əfv Sərəncamı 220 nəfərə şamil edilib.

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılan 25 məhkum arasında 56 yaşlı İsgəndərova Xalidə İsmixan qızı da var.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2016-cı ildə çıxardığı hökmlə əri - Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini Füzuli İsgəndərovu amansızlıqla öldürməkdə təqsirli bilinib və 18 il həbsə məhkum edilib. Daha sonra isə cəzası 2 il azaldılaraq 16 ilə endirilib. 2015-ci ildən həbsdə olan X. İsgəndərovanın cəzasının 10 ilini çəkdiyini nəzərə alsaq, onun 3 ildən sonra azadlığa çıxacağı məlum olur.

Məhkəmə jurnalisti Aytən Məmmədova sosial şəbəkə səhifəsində Xalidə İsgəndərova barəsində təəssüratlarını bölüşüb. O bildirib ki, X. İsgəndərovanın ailəsində ciddi şəkildə problemlər var imiş:

“Onun məhkəməsini əvvəldən sona qədər izləmişdim. Gördüm ki, kifayət qədər yüksək vəzifədə işləyən, neçə-neçə evləri, obyektləri olan bir məmurun öz evində rahatlıq yox imiş. Rahatlıq nədir, əsl dərəbəylik...

Hələ mən ən yumşaq ifadələri yazıram. Xalidə İsgəndərova abırlı qadın idi. Hiss olunurdu ki, o, evdə ixtiyar sahibi deyil, nə ərinə, nə də iki qızına söz deyə bilir. Bir dəfə dedi ki, anasıgilə getmək üçün taksipulu tapa bilmirdi... Füzuli İsgəndərova evinə bitişik qarajda 56-57 bıçaq zərbəsi vurulmuşdu. Xalidə sona qədər deyirdi ki, mən eləməmişəm. Amma məhkəmə onu təqsirli bildi və 10 ildir həbsdədir”.

"Cebheinfo.az"