Azərbaycanın yaratdığı yeni reallıq: “Beynəlxalq nüfuzu artır”

Azərbaycanın yaratdığı yeni reallıq: “Beynəlxalq nüfuzu artır”

Xəbər verdiyimiz kimi, bu gün Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyası işə başlayıb.

Sessiyanın rəsmi açılış mərasimində Prezident İlham Əliyev iştirakçılara müraciət ünvanlayıb.Tədbir çərçivəsində İƏT-yə üzv dövlətlərin Parlament İttifaqına sədrlik İndoneziyadan Azərbaycana keçib. Bununla da Azərbaycan təşkilata növbəti dövr üçün rəsmi sədrliyi öz üzərinə götürüb.

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının Bakıda keçirilməsinin Azərbaycan üçün siyasi və diplomatik əhəmiyyəti nədən ibarətdir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan siyasi şərhçi Oqtay Qasımov deyib ki, Azərbaycanın İƏT Parlament İttifaqına sədrlik etməsi mühüm əhəmiyyət daşıyır.

O qeyd edib ki, bu gün Bakıda üzv dövlətlərin parlament sədrlərinin görüşü keçirilir və Azərbaycan belə bir mötəbər tədbirə ev sahibliyi edir:

“İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın vacib əməkdaşlıq etdiyi beynəlxalq qurumlardan biridir. Təşkilata üzv dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. 

Məhz Azərbaycanın belə bir mötəbər tədbirlərə ev sahibliyi etməsi, o cümlədən təşkilata rotasiya formasında rəhbərlik etməsi çox vacibdir”.

Oqtay Qasımov vurğulayıb ki, bu, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, beynəlxalq təcrübəsinin daha da dərinləşməsinə kömək edir:

“Eyni zamanda, belə tədbirlər dövlətlərarası münasibətlərin inkişafı üçün mühüm stimul rolunu oynayır. Bu baxımdan, Azərbaycanın beynəlxalq səviyyədə nüfuzunun güclənməsinə xidmət edən amillərdən birinin də məhz bu olduğunu deyə bilərik”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”