Atasını öldürməkdə təqsirləndirilən oğulun məhkəməsində şahidlər nə deyiblər?
Bacısını və anasını döydüyü üçün atasını yeddi bıçaq zərbəsi ilə qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadənin məhkəməsi davam etdirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər dindirilib.
Şahid Sevinc Vəlizadə bildirib ki, hadisə həyat yoldaşı İftixar Vəlizadə şagird olan qızını məktəbə aparıb qayıdandan sonra baş verib:
"İftixar gedəndə dedi ki, "dayanın siz, qayıdanda ikinizlə - səninlə də, böyük qızınla ciddi söhbətim olacaq". Qayıdıb gələndə çox qəzəbli idi. Məndən çay istədi, sonra qızımı çağırmağımı istədi. Çağırsam da qızım ondan qorxub yaxına gəlmədi, gedib otağında gizləndi. İftixar qəzəblənib otağın qapısını çırparaq içəri girdi. Vazanı qızımın başına atanda, uşaq zərbədən yayındı.
Ona mane olmaq istəyəndə, məni itələyib taxta ilə qızın başından, çiyin və belindən vurmağa başladı. Taxtanı ondan aldım. Bundan sonra mətbəxdən götürdüyü bıçağı qızın kürəyinə vurmaq istəyəndə, tez bıçaqdan yapışdım. Bıçaq əlimi kəsdi, qan barmaqlarımdan süzülməyə başladı. Oğlum məni belə görəndə elə bildi ki, İftixar məni bıçaqlayıb.
Bu anda İftixar bir əli ilə qızımın saçından tutaraq dartırdı. Ayxan onun bıçaq tutan əlindən yapışdı. Yaxalaşmada necə oldu bilmədim, bir də gördüm İftixar bıçaqlanıb, onu qan aparır. Bu halda güclə həyətə çıxdı. Ayxan kömək etmək üçün ardınca gedəndə onu yerdə qan içində yıxılmış vəziyyətdə gördü. Oğlum elə oradaca "102" və "103" xidmətlərinə zəng elədi. Yoldaşım qızımı oğlan qrup yoldaşları ilə söhbət edən görmüşdü, ona görə də qızım onun gözündə pis övlad idi. İftixar zərərli maddələr qəbul edirdi. Ata-anasına qarşı da çox sərt və qəddar idi".
Məhkəmədə şahid qismində Ayxan Vəlizadənin bacısı ifadə verib:
"Qrup yoldaşlarımla metroya doğru gedirdim. Taksi xidmətində olan atam təsadüfən orada olarkən mənim oğlan qrup yoldaşlarımla söhbətimi yanlış anladı. Əsəbi halda mənə əmr elədi ki, tez maşına əyləşim. Yol boyu durmadan pis sözlərlə məni təhqir edirdi. Gəldik evə. Atam anama "Bu da sənin tərbiyə etdiyin qız, onu oğlanlarla söhbət edəndə gördüm. İndi gedirəm, qayıdıb ikinizin də canını alacam"...
Ayxan elə bildi ki, atam anamı bıçaqlayıb. Müdaxilə etmək istəyəndə bu bədbəxt hadisə baş verdi. Qardaşımın atamı öldürmək niyyəti yox idi, o, sadədə bizi müdafiə etmək istəmişdi. Atamın pis vərdişləri var idi. O, narkotik vasitələrdən istifadə edirdi, eyni zamanda içki içirdi".
Məhkəmənin növbəti iclası avqustun 12-nə təyin olunub.
Qeyd edək ki, hadisə 2025-ci ilin dekabrın 11-də Sabunçu rayonunun Ramana qəsəbəsi "Gülçülük Sovxozu" ərazisində baş verib.
Ayxan Vəlizadə barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
"Cebheinfo.az"


