Numan Kurtulmuş Bakıda Qalibafla görüşdü

Numan Kurtulmuş Bakıda Qalibafla görüşdü

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Parlamentlər Birliyi (İSİPAB) 20-ci Konfransı çərçivəsində İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf ilə görüşüb.

"Cebheinfo.az" xəbər verir ki, görüşdə ABŞ-İsrail-İran müharibəsi və sülh danışıqları, İsrailin başda Fələstin torpaqları olmaqla bölgədə həyata keçirdiyi hücumlar, həmçinin qlobal və regional proseslər müzakirə olunub.

TBMM sədr bildirib ki, İsveçrədə ABŞ ilə aparılan və Qalibafın da rəhbərlik etdiyi danışıqlarda müsbət nəticələrin əldə olunmasını böyük məmnunluqla qarşılayırlar.

O, ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibənin beynəlxalq hüquq baxımından qalıcı sülh sazişi ilə nəticələnməsini arzuladıqlarını qeyd edib.

Kurtulmuş vurğulayıb ki, Türkiyə olaraq sülh danışıqlarına ev sahibliyi edən Pakistan və Qatar ilə əməkdaşlıq çərçivəsində müsbət addımların atılması üçün fövqəladə səylər göstərir və dəstək verirlər.

O, İranın ali rəhbəri Ali Xamenei başda olmaqla, Minab şəhərindəki ibtidai məktəbə edilən hücum zamanı həyatını itirən 168 günahsız uşaq və müharibədə həlak olan iranlılarla bağlı başsağlığı verərək Allahdan rəhmət diləyib.

Kurtulmuş bildirib ki, türk dövləti və xalqı bu haqsız müharibədə İran xalqının yanındadır.

TBMM sədri İranın davamlı sülhə, əmin-amanlığa, təhlükəsizliyə və sabitliyə qovuşmasını arzuladığını, əldə olunan sülhdən bütün regionun faydalanmasını istədiyini söyləyib.

İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf Kurtulmuşla Bakıda görüşməkdən məmnun olduğunu bildirərək, Türkiyənin dost və qardaş ölkə kimi onların yanında olmasını yüksək qiymətləndirdiyini deyib.

Qalibaf qeyd edib ki, qonşu və dost ölkələrin İran dövlətinə və xalqına dəstəyini hər sahədə hiss edirlər. O, Türkiyənin bu hücumları qınayaraq sürətlə mövqeyini ortaya qoymasından məmnunluq duyduğunu vurğulayıb.

Görüşdə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, TBMM Katib üzvü Rıdvan Uz, AK Partiya millət vəkilləri Emre Çalışkan, Mahmut Rıdvan Nazırlı, MHP millət vəkili Ahmet Erbaş, eləcə də Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün iştirak ediblər.

"Cebheinfo.az"